ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinqdə deyib ki, “Azərbaycan və Ermənistan son bir ildə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə ediblər”. Bir müddət idi ki, vəziyyəti sabotaj etməyə çalışan Ağ Evin hazırki bəyanatı səsləndirməsində məqsəd nədir?
ABŞ proseslərin içərisində yer almaq üçün öncə ənənəvi siyasətinə istinad etdi. Münasibətlərin gərgin fazasında tamamilə kənarda dayandı. Arada suyu bulandırıcı addımlar atdı, bəyanatlar səsləndirdi. Lakin Vaşinqton da daxil olmaqla bölgəyə müdaxilə etmək gücü olan bütün kənar oyunçuları Bakı oyundankənar vəziyyətə saldı. Nə gizlin, nə də aşkar səpkidə maraqlarını diktə etmək üçün heç bir zəmin qalmadı. Onların əsəri olan separatizm ləğv edildi. Nə qədər təhrik etsələr də, sərhəddə toqquşma yaşanmadı. Bugün Qərb ciddi-cəhdlə sərhəddə eskalasiya bəhanəsinə sığınaraq Ermənistanda hərbi baza yaratmağa çalışır. Lakin bunun üçün faktiki heç bir əsas yoxdur. Çünki, bu əsas separatizm idi. O da Bakının uğurlu addımları sayəsində aradan qalxdı. Vaşinqton da anlayır ki, Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında gərginlik üzərindən var olmaq mümkünsüzdür. Bunun üçün hər şey etdi. ABŞ-ın keçmiş sovet məkanındakı münaqişələr arasında ən ədalətsiz yanaşdığı Qarabağ münaqişəsi olub. Rəsmi Vaşinqton həmişə Gürcüstan, Moldovadakı separatçılıq hallarına Ermənistanın işğalçılıq siyasətinə münasibətdə müqayisəedilməz kəskin reaksiya verib. Ukraynanın problemlərinə isə açıq-aşkar öz məsələsi kimi yanaşıb və hər hansı ştatındakı problemdən daha çox həssaslıq göstərib.
ABŞ Abxaziya, Osetiya, Dnestryanı, Krım, Donbasla bağlı vaxtilə göstərdiyi dözümsüzlük, siyasi, bəzi hallarda isə hərbi təzyiqin heç10 faizini belə Qarabağ separatçılarına göstərməyib. Əksinə, Azərbaycana qarşı illərlə 907-ci düzəlişi qüvvədə saxlayıb, separatçılara isə hər il "minatəmizləmə" adı altında milyonlarla dollar yardım edib. Separatçılar ABŞ-a səfər edərək “Qarabağa yardım” adı altında vəsait toplayıblar. ABŞ-da Qarabağdakı cinayətkar rejimin ofisi yaradılıb. Separatçıların nümayəndələri Moskvada keçirdikləri toplantıların eynisini Vaşinqtonda da keçiriblər.
Ənənəvi yetişən vəziyyətdən paydaş olma siyasəti hazırda işə düşüb. Məqsəd isə onsuzda gec ya da tez imzalanacaq olan sülh müqaviləsinin Vaşinqtonda imzalanması, ABŞ-ın proseslərdə yer almaq istəyi və Moskvanın sıxışdırılıb çıxarılmasıdır. Bu güclərin hansı şəkildə proseslərdə yer ala biləcəyi isə kommunikasiyaların açılmasına verəcəkləri reaksiyadan aslı olacaq.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi