Azərbaycanlı məhbus aclıq aksiyasına başladı

7 Avqust 2013 07:20 (UTC+04:00)
Həbsdə olan tanınmış azərbaycanlı fəal aclıq aksiyasına başlayıb.

APA-nın "Oyannews"a istinadən məlumatına görə, Abdullah (Güntay) Səduqi iyulun 13-dən aclıq aksiyası keçirən Yeni GAMOH təşkilatının üzvlərinə dəstək məqsədilə belə bir addım atıb. Təbriz şəhərinin mərkəzi həbsxanasında saxlanılan azərbaycanlı fəal avqustun 6-dan etibarən aclıq aksiyası keçirir. İran ETTELAAT-ının əməkdaşları A.Səduqini bu il mayın 13-də evindən aparıb. Azərbaycanlı fəal 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində verdiyi iftar mərasimi zamanı Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması ilə bağlı çıxış yollarını müzakirə edərkən ETTELAAT əməkdaşları tərəfindən 29 azərbaycanlı fəalla birlikdə həbs olunub.

Qeyd edək ki, Təbrizin mərkəzi həbsxanasında saxlanılan daha bir tanınmış azərbaycanlı fəal - Əziz Purvəli də Yeni GAMOH təşkilatının üzvlərinə dəstək məqsədilə avqustun 3-dən etibarən aclıq aksiyasına başlayıb. Ancaq həbsxana rəhbərliyi azərbaycanlı fəalı bu addımına görə cəzalandırıb və onu narkomanların, cinayətkarların saxlanıldığı kameraya köçürüb.

Hazırda Ə.Purvəliyə ailəsi ilə telefon əlaqəsi saxlamağa və görüşməyə icazə verilmir. Azərbaycanlı fəal Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən hakimiyyətə qarşı çıxmaqda təqsirləndirilərək 1 il qəti 1 il isə şərti həbs cəzasına məhkum edilib. Əziz Purvəli 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində verdiyi iftar mərasimi zamanı Urmiya gölünün qurumasına İran hökumətinin laqeyd münasibətini müzakirə edərkən İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib.

Bu arada avqustun 6-da bir qrup azərbaycanlı fəal və Behbud Quluzadənin ailəsi Yeni GAMOH təşkilatının üzvlərilə görüşmək üçün Kərəc şəhərinin Rəcayişəhr həbsxanasına gediblər.

Ancaq həbsxana rəhbərliyi doktor Əkbər Azad, mühəndis Həsən Raşidi, doktor Hüseyn Güneyli, Cəlal Kuydərilu və Ovçu Məhəmmədiana onlardan yalnız biri ilə görüşə biləcəklərini bildirib. Görüşə ailəsinin orada olması səbəbindən B.Quluzadə gəlib. Azərbaycanlı fəalın vəziyyətinin ürəkaçan olmadığı bildirilir. Lakin B.Quluzadə Yürüş Mehrəlibəyli və Şəhram Radmehrin sağlı durumunun pis olduğunu, ikincinin mədəsində qanaxmanın davam etdiyini söyləyib. Sonda azərbaycanlı fəala aclıq aksiyasının dayandırılması üçün yazılı müraciət təqdim edilib.

Xatırladaq ki, ETTELAAT əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib.

L.Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvləridirlər. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Azərbaycanlı fəallar isə barələrində çıxarılmış hökmü ədalətsiz hesab edərək aclıq aksiyası keçirirlər. Ancaq onların tələbləri yerinə yetirilməyib, əvəzində iyulun 20-də yerləri dəyişdirilib.

Azərbaycanlı fəallar artıq 24 gündür aclıq aksiyası keçirirlər.

AzNews.az