Xaricdə hərbi təhsil almaq istəyənlərin nəzərinə

7 Avqust 2013 09:09 (UTC+04:00)
Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə bütün ixtisas qruplarıdan müdavim qəbulu elan edilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzNews.az-a verilən məlumata görə, tədris türk dilində, əyani formada 4 ildir. Müdavimlər təhsili bitirdikdən sonra əlavə olaraq 1 illik təkmilləşmə kursuna cəlb olunacaqlar.

Ali Hərbi Məktəbə qəbul olan müdavimlər təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də xərclik ilə təmin olunurlar.

Müsabiqədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bütün qruplar üzrə keçirilən qəbul imtahanında 250 və daha yüksək bal toplamış namizədlərdən 16 - 20 yaş arasında olan, Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar), yaşa uyğun olaraq qəbul edən dövlət tərəfindən müəyyən olunmuş boy və çəki normalarına uyğun gələn (18 yaşdan aşağı olan namizədlər üçün minimum boy/çəki standartları: müvafiq olaraq 16 yaş üçün - 163 sm və 48 kq, 17 yaş üçün 168 sm və 52 kq-dır; 18 və yuxarı yaşlı namizədlər üçün minimum boy/çəki standartları - 169 sm və 54 - 74 kq arası), sağlamlıq baxımından, o cümlədən psixoloji durumu ilə bağlı hər hansı bir problemi olmayan, müvafiq xəstəxanadan "Hərbi müdavim ola bilər" qeyd olunmuş arayış əldə edən, nişanlı, evli, dul olmayan və ya hər hansı bir qadınla və ya kişi ilə nikahsız olaraq birlikdə yaşamayan, eləcə də cinayət məsuliyyətinə cəlb olunmayan, nitqində hər-hansı bir problemi, kəkələmə, pəltəklik və s. bu kimi qüsurlar olmayanlar iştirak edə bilərlər.

Müsabiqədə iştirak edəcək namizədlər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi həkim komissiyasından keçdikdən sonra Daxili Qoşunların Baş İdarəsində fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunurlar.

Fiziki hazırlıq üzrə yoxlamalardan keçmiş namizədlər Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Hərbi Attaşeliyi və Hərbi işbirliyi üzrə Koordinasiya Qərargahı tərəfindən keçiriləcək müsahibədə iştirak edirlər.

Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 5 nəfər namizəd Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcək. Məktəbi müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcəklər.

Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Müsabiqədə iştirak etmək istəyənlər avqustun 6-dan 12-dək TQDK-nın internet saytında qeydiyyatdan keçməlidirlər.
Əlavə məlumatlar almaq üçün əlaqə telefonu: 513-04-51

AzNews.az