QÜDRƏTLİ AZƏRBAYCANA DOĞRU

23 Yanvar 2024 11:37 (UTC+04:00)

“Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır”.

İLHAM ƏLİYEV

Milli ideya problemi bu gün xüsusi aktuallıq kəsb edir. Milli ideyanın əsas cəhəti tarixi varislikdir. Milli ideya öz mahiyyətinə görə tarixi, kompleks ideyadır, çünki o, bütün xalqın əsas maraqlarını ifadə etməli, cəmiyyətin strateji məqsədlərini formalaşdırmalı və eyni zamanda onları müasir cəmiyyətin, müasir sivilizasiyanın praktiki vəzifələri ilə əlaqələndirməlidir.

Biz elə bir dövrə yekun vurmuşuq ki, bu, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dediyi kimi epoxal bir hadisədir. Azərbaycanın çoxəsrlik tarixində 44 günlük müharibədə əldə olunan qələbəyə oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını, qarşıya qoyduğumuz məqsədlərə çatmağa hər türlü maneələr törədən xarici qüvvələrin mövcudluğunu nəzərə alsaq hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, yeni dövrün yeni milli ideyası zəruridir.

İstənilən milli ideya müəyyən xüsusiyyətlərə malikdir (məsələn, “Amerika arzusu”nun praqmatizmi). Azərbaycanın milli ideyası xalqımızın dünyagörüşü, həyati istəkləri ilə birbaşa bağlıdır. Müasir milli ideya, onun axtarışı və həyata keçirilməsi yolları xalqın mənəvi tələbatı ilə diktə olunur.

Azərbaycanın milli maraqları ideyası cəmiyyəti möhkəmləndirmək, ölkənin yeniləşməsinə təkan vermək, dünya birliyinə həqiqi inteqrasiya üçün təkanverici amildir. Bu ideyada milli birlik idealları mühüm yer tutmalıdır.

Tarixə ekskurs etsək, İslam Şərqində, o cümlədən, Azərbaycanda milli ideyanın olmadığını iddia edənlər də var. Belələrinin fikrincə, millətin görkəmli nümayəndələrinin irəli sürdükləri ideyalar bu xalqların ümumi sərvətinə çevrilib milli ideya səviyyəsinə yüksəlmişdir. Tədqiqatçılar milli ideyanın ictimai şüurun tərkib hissəsi olmaqla, nisbi müstəqilliyə malik olduğunu, onun inkişafının bir çox hallarda millətin formalaşmasını qabaqlaya bildiyini və onun formalaşmasında həlledici rola malik olduğunu qeyd edirlər. Milli ideya və milli-mənəvi dəyərlər etnik idealların və sərvətlərin bərqərar olmasında, onların ruhi-mənəvi simvollar səviyyəsinə yüksəlməsində fəal rol oynamışdır. Milli ideya yüksək mənəvi dəyərlər və ənənələrlə birləşərək, ümumi əhəmiyyət kəsb edən mənəvi sərvətlər əsasında ideya-siyasi kontekstdə təzahür edir.

Azərbaycançılıq ideyası XX əsrdə ölkəmizdə milli və Avropa nümunəli dövlətlərin yaranmasına səbəb oldu. Hələ XIX əsrdə maarifçilik ideologiyasının irəli sürdüyü "vətən, dil, millət" şüarı, milli istiqlalçıların irəli sürdükləri Şərq və Qərb dəyərlərinin, ümumbəşəri və milli-mənəvi dəyərlərinin sintezi olan "türkləşmək, islamlaşmaq, müasirləşmək" prinsipini rəhbər tutan məfkurə təşəkkül tapdı.

Ulu Öndər Heydər Əliyev Azərbaycançılıq ideyasının qaynaqları haqqında belə deyirdi: "XX əsrdə bizim qazandığımız uğurların, o cümlədən, müstəqil dövlət qurmaq əzmimizin köklərini uzaq və yaxın tariximizdə, xüsusilə, XIX əsrdə formalaşmış və təşəkkül tapmış qaynaqlarda axtarıb-tapmaq lazımdır. Bu qaynaqlar həm ayrı-ayrı görkəmli şəxsiyyətlərin - Abbasqulu Ağa Bakıxanov və Mirzə Kazım bəy kimi nadir insanların çox uğurlu yaradıcılıq fəaliyyətində öz əksini tapmış, həm də birbaşa milli-maarifçilik ideyalarının gerçəkləşməsilə bağlı olmuşdur. Azərbaycanda, məhz bu dövrdə demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr yaranaraq milli şüurun formalaşmasına güclü təkan verdi".

Azərbaycançılıq ideyasının təşəkkül tapıb inkişaf etdiyi dövrlərdə Azərbaycan xalqı və milləti formalaşıb. Bu prosesdə dindaşlığa, Vətənçilik əxlaqına, ittihadçılığa və istiqlalçılığa əsaslanan milli-mənəvi dəyərlər formalaşıb inkişaf etmişdir. Bu dövrdə Azərbaycan milli ideyasının daşıyıcıları olan milli ziyalılar xalqa milli mənlik şüuru aşılayırdılar. ABŞ tədqiqatçısı T.Svyatokovski "Rusiya və Azərbaycan: sərhədyanı bölgə keçid dövründə" əsərinin "Maarifçilik hərəkatından siyasi proqramlara doğru" fəslində XIX əsrdə Azərbaycan milli ideyasını iərəli sürən milli ziyalıları "ənənəvi islam mədəniyyəti və Rusiyanın təmsil etdiyi müasir Avropa mədəniyyətinin qovşağında meydana gələn ictimai qüvvə və mədəni hadisə kimi" dəyərləndirərək, onların "Avropa ideyalarının ötürücüsü və Azərbaycan cəmiyyətindəki dəyişikliklərin başlıca ünsürünə çevrildiklərini" göstərirdi.

Tədqiqatçılar düzgün olaraq milli ideyanın fəlsəfəsinin tarixdən ayrılmaz olduğunu qeyd edir. Milli ideologiyanın qaynaqları - milli ideya və milli-mənəvi dəyərlər, türkçülük, azərbaycançılıq ideyaları milli ideologiyanın formalaşmasında zəmin rolu oynamışdır. Milli ideyalar xalqın özünüdərkində, milli mənlik şüurunda əsas amil olub, milli mənəviyyatın formalaşmasına təsir edir, milli mənafe və maraqlara xidmət göstərir. Milli, sağlam təfəkkürə və ümumbəşəri dəyərlərə söykənən milli ideyalar azərbaycanlıların milli idealı olan milli dövlətçiliyin və milli birliyin əldə olunmasında mühüm rol oynamışdır. Milli ideyanın əsasında duran milli-mənəvi dəyərlər, etnofəlsəfi və etnomədəni ənənələr qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdə olub bir-birilə qovuşur. Azərbaycan milli ideyasının mənbələrini maarifçilik, türkçülük, azərbaycançılıq, Şərq və Qərb dəyərlərinin sintezi "milli-mənəvi dəyərlər və sərvətlər sisteminin məcmusunu təşkil edir".

XX əsrin əvvəllərində Azərbaycanda türkçülük, islamçılıq və müasirliyə əsaslanan milli ideya gerçəkləşdi. Sovet dövründə də milli ideya və milli-mənəvi dəyərlər məhv edilmədi. Azərbaycanlıların milli-etnik nüvəsi möhkəmləndi, etnik, milli özünüdərk formalaşdı, vahid Azərbaycan milləti haqqında təsəvvür yarandı, Azərbaycan dövlətçiliyi, dili, təkrarolunmaz milli-mənəvi dəyərləri və mədəniyyəti formalaşdı.

Müstəqillik dövründə azərbaycançılıq milli ideyası milli-mənəvi dəyərlərlə qarşılıqlı əlaqədə olub, millətin milli özünüdərki, milli şüuru, milli maraqları, milli ideologiyası, mənəvi və siyasi ideyalar axtarışı ilə bağlı olmuşdur. Azərbaycan milli ideyası azərbaycançılıq milli ideologiyasına çevrilmişdir. Milli ideologiya müstəqil, azad, hüquqi dövlət və vətəndaş cəmiyyəti qurmaq, milli birlik yaradan, müstəqilliyi formalaşdıran ideoloji sistemdir. Xalqların milli, etnik, dini və sosial bərabərliyi ideyasından ibarət olan müstəqillik ideologiyası özündə azərbaycançılıq ideyaları, fikir və düşüncələri, mənəvi-əxlaqi keyfiyyətləri birləşdirib, azərbaycançılıq ideologiyasına çevrilmişdir. Azərbaycanın suverenliyi milli prinsipə, varislik ənənələrinə, milli və özünəməxsus amilləri özündə birləşdirən azərbaycançılıq ideologiyasına əsaslanır. Azərbaycançılıq ideologiyası dövlət atributlarını, ana dilini, milli-mənəvi dəyərləri, milli və ümumbəşəri cəhətləri özündə birləşdirərək maarifçilik vasitəsilə etiqad və inam, tarixi əsaslandırma, mütəşəkkillik və yeniliyə meyil normalarının tətbiqi deməkdir.

Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Bu baxımdan Azərbaycançılıq ideologiyasının təkamülü qaçılmazdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi”.

Biz son üç il ərzində böyük yol keçmişik. Ona görə də yeni konseptual inkişaf strategiyamız, milli ideologiyamızın yeni istiqamətləri işlənib hazırlanmalıdır. Fikrimizcə, müasir mərhələdə əsas milli ideya “Qüdrətli Azərbaycan” olmalıdır.

“Qüdrətli Azərbaycan” yolunda birinci addım Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa əlaqənin bərpasıdır.

Ermənistan Zəngilanla Naxçıvan arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirr. Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. Biz qısa yolla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməliyik. Ən düzgün variant Mehri ərazisindəndir: həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir.

“Qüdrətli Azərbaycan” yolunda ikinci mühüm addım Qərbi Azərbaycana qayıdışdır.

Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımılarından böyük əziyyət çəkmişdir. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatmışdır. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır.

Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbirstanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib.

Azərbaycan Respublikasının Ermənistanın hərbi hücumu və işğalına qarşı 2020-ci ildə apardığı özünümüdafiə əməliyyatının qələbə ilə başa çatması ədalətin bərpa olunması istiqamətində mühüm addım olub və iki ölkə arasında sülh imkanlarını artırıb. Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılması və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsi yeni dövrdə əsas hədəflərdən biridir.

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməli, geriyə qayıtma prosesi müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınmalı, geriyə qayıtmış əhalinin yenidən qovulmasına, onlara qarşı hər hansı ayrı-seçkilik həyata keçirilməsinə və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, hesabatlıq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməli, beynəlxalq nəzarət altında yenidənqurma və barışıq tədbirlərinin həyata keçirilməsi yolu ilə, geriyə qayıtmış insanların davamlı reabilitasiya və re-inteqrasiyası təmin edilməlidir.

Qərbi azərbaycanlıların onlara uzun müddət ərzində qayğı göstərmiş Azərbaycan ilə xüsusi bağları nəzərə alınmalı və öz yurdlarına qayıtdıqdan sonra onların Azərbaycan Respublikası ilə maneəsiz əlaqəsinə imkan yaradılmalıdır.

Qayıdış prosesi Qərbi azərbaycanlıların qovulmadan əvvəlki məskunlaşma konfiqurasiyasını bərpa etməlidir.

Böyük haqsızlığa məruz qalmış Qərbi azərbaycanlıların hüquqlarının bərpası məsələsi regional təhlükəsizliyin və Ermənistan ilə Azərbaycan arasında münasibətlərin bərpa olunması kontekstində ən ilk sırada baxılmalı olan vəzifədir. Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaradılması Ermənistanın öhdəliyi kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsində də təsbit olunmalıdır.

Ölkəmiz Ermənistan Respublikasının Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olduğunu, digər dövlətlərin əksəriyyəti tərəfindən tanındığını və Ermənistan Respublikasını siyasi-hüquqi reallıq kimi görür. Ermənistanın BMT-nin Nizamnaməsi daxil olmaqla müvafiq beynəlxalq hüquqi sənədlərə qoşulmuş olması bu ölkənin üzərinə onun ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmaq daxil olmaqla onların hüquqlarının bərpası və qorunması sahəsində konkret öhdəliklər qoyur. Ermənistan Respublikası özünün milli hüquqi çərçivəsini azərbaycanlı icmasına əlçatan etməli, azərbaycanlıların bərabər hüquqlarını təmin etməli, onların ana dillərində təhsil almasına, qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dilindən istifadəsinə imkan yaratmalı və azərbaycanlıların hüquqlarının qorunmasını tam təmin etməlidir.

Ermənistan hökuməti azərbaycanlı əhaliyə qarşı etnik əsaslarla genişmiqyaslı və sistematik zorakılıq törətmiş olması səbəbindən təhlükəsizlik məsələlərində bu dövlətə etibar etmək olmaz və ona görə də müvafiq mandatla və Qərbi azərbaycanlıların etimad göstərdiyi ölkələrin qüvvələrindən ibarət beynəlxalq təhlükəsizlik missiyasının qayıdış olacaq ərazilərə yerləşdirilməsi zəruridir. Missiya qayıdışdan əvvəl yerləşdirilməli, müvafiq əraziləri nəzarətə götürməli, mülki-hərbi əlaqə, polis və mülki idarəetmə səlahiyyətinə malik olmalıdır.

Qərbi azərbaycanlılara qarşı böyük haqsızlıq törədilib. Bu haqsızlıq etnik təmizləmə ilə məhdudlaşmır. Bu ağrılı keçmişi tarixi yadda saxlamaqla bərabər qəbul edək ki, sülh və inkişafın təmin edilməsinin yolu barışıqdan keçir.

Bu iki strateji məqsədin həyata keçirilməsi Qüdrətli Azərbaycan ideyasının gerçəkləşdirilməsi üçün ilkin zəmin formalaşdırmağı təmin edəcək.

Əlimusa İbrahimov

Politoloq