Bu, Azərbaycanın Qərb platformalarından imtinada nə qədər haqlı olduğunu göstərir - Əli Züfüqaroğlu

23 Yanvar 2024 11:32 (UTC+04:00)

“Təbii ki, həm Qərb, həm də Rusiya sülh danışıqları prosesində məhz öz maraqları kontekstindən çıxış etməyə çalışırlar. Azərbaycan sülh danışıqları prosesində bütün platformalara açıq idi. Moskva eyni zamanda Brüssel və Vaşinqtonda görüşlərə qatılmışdı. Ancaq bir müddət sonra Fransanın burada təzyiqləri nəticəsində Avropa İttifaqının mövqeyində korrektələr müşahidə edilməyə başladı. Avropa İttifaqı Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməyə başladı. Bundan sonra Azərbaycan Qərb platformalarından imtina etdi”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Onun sözlərinə görə, çünki buna qədər Azərbaycan çalışırdı və bəyan etmişdi ki, istənilən platformalarda sülh danışıqlarının aparılmasına razıdır:

“Bir şərtlə ki, danışıqlar konstruktiv mühitdə davam etsin. Amma sonradan, xüsusilə Parisin təkidi ilə Fransanın da qatıldığı Qranada görüşündə Azərbaycanın iştirak etmədiyi halda, Azərbaycana qarşı qərəzli sənəd qəbul olundu. Bu, Azərbaycanın Qərb platformalarından imtinada nə qədər haqlı olduğunu göstərir. Bundan sonra Azərbaycan ikili görüşlər variantını önə sürdü. Burada Azərbaycanın həm də diplomatik gedişi ondan ibarət idi ki, Rusiya Qərb platformalarında görüşün davam etməsini arzulamırdı. Azərbaycan isə bunu əsas tutaraq və bu kartdan istifadə edərək Rusiyanın da ikili görüşlərə mane olmasını neytrallaşdıra bildi.

Belə olan halda Azərbaycanla Ermənistan etimad mühitinin yaranması üçün ikili görüşlərə üstünlük verməyə başladılar. Bu bir növ Qərbin neytrallaşdırılması baxımından Rusiyanın maraqlarına qarşı deyil. Lakin bundan sonra biz, xüsusilə Qərb tərəfindən ikili görüşlərin də pozulmasını, müşahidə etdik”.

Siyasi şərhçi qeyd edib ki, sülh danışıqları prosesinə zərbə vurmaq amilləri, eyni zamanda Ermənistanın sürətlə silahlandırılması prosesi də məhz buna xidmət edir:

“Bundan sonra biz 2024-cü ildə Azərbaycana qarşı, xüsusilə Fransa və ABŞ-nin təzyiqlərinin daha da ciddiləşəcəyini gözləyə bilərik. ABŞ-də seçki prosesi var və seçkiyə qədər Ermənistan lobbisinin dəstəyini almağa çalışan ABŞ-nin prezidentliyə namizədləri Azərbaycana qarşı sərt ritorikadan istifadə edəcək və ermənilərin lehinə addımlar atacaqlar. Həmçinin Fransa da regionda öz mövqeyini möhkəmləndirmək, regiona daxil olmaq və burada qalmaq üçün sülhə mane olmağa çalışacaq. Müəyyən gərginlik yaratmaq, Ermənistanı bataqlığa sürükləmək, daha sonar onu “xilas etmək” üçün bölgəyə yerləşməyə cəhd göstərəcəklər. Bütün bunlar onu göstərir ki, əslində Azərbaycanın vasitəçi olmadan birbaşa görüşlərə üstünlük verməsi çox önəmli məsələdir.

Amma 2024-cü ildə müxtəlif dövlətlərin, xüsusilə Qərb tərəfindən ikili görüşlərin pozulmasına yönəlik addımların atılmasını, bölgədə vəziyyətin gərginləşdirilməsini müşahidə edə biləcəyik. Azərbaycana qarşı təzyiqlər günü gündən artacaq. Ancaq Azərbaycan özəlliklə son zamanlar geosiyasi dəyişikliklər fonunda öz mövqelərini həm dünyada, həm də bölgədə gücləndirib. Həmin təzyiqlərə davam gətirmək potensialına sahibdir. Yəni, bu təzyiqlərin Azərbaycanın siyasi iradəsinə və qətiyyətinə heç bir təsiri olmayacaq”.

Rəfiqə NAMAZƏLİYEVA