“Azərbaycan-Ermənistan münasibətləri sülh imzlanmayacağı təqdirdə 1993-cü ildən bəri davam edən Türkiyə-Ermənistan münasibətlərinə bənzəyə bilər. Diplomatik əlaqə olmayacaq, sərhəd də açılmayacaq. Ancaq silahlı toqquşmalar da olmayacaq”.
Bu fikirləri Karnegi Fondunun eksperti Kiril Krivoşeyev səsləndirib.
“Burada seçim etmək Ermənistanın üzərinə düşür. Nə üçün? Çünki Türkiyə ilə də düşmənçilik siyasətini onlar seçiblər. Türkiyə onlara dəfələrlə bununla bağlı rəsmi mövqe bildirib. Qeyd edib ki, Azərbaycanla münasibətlər normallaşmadıqca, düşmənçilik siyasətinə son qoyulmadıqca aralarında münasibət düzəlməyəcək. Bu gün Ermənistan bir oxla iki hədəfi vura bilər. Ermənistan təkcə Azərbaycanla sülh sazişini imzalamaqla həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərini normallaşdıra bilər. Bu da təbii ki, gələcəkdə Ermənistan üçün böyük imkanlar yaradır. İqtisadiyyat, ticarət, layihələrin həyata keçməsi baxımından, ümumiyyətlə, bir dövlət üçün iqtisadi resursların qazanılması baxımından geniş imkanları əldə edir. Ermənistan hazırkı məqamda Azərbaycanla onsuz da münasibətləri bəlli olub. 90-cı illərin əvvəllərindən Azərbaycana qarşı işğal, təcavüz siyasətinə görə Türkiyə Ermənistanla münasibətlərini dayandırıb. Sərhədləri bağlayıb eyni zamanda digər məsələlərdə Ermənistana məhdudiyyətlər qoyub”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.
O qeyd edib ki, artıq elə bir məqam yetişib ki, Azərbaycanla da eyni vəziyyət formalaşıb.
“Azərbaycanla Ermənistan arasında keçmiş münaqişəyə son qoyulub. Azərbaycanın ərazi bütövlüyünü təmin edib və sənədlərin müəyyənləşdirilməsi məsələsi isə təbii ki, uzun çəkən bir prosesdir. Bununla bağlı bizim mövqeyimiz bəlli edilib. Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndini çıxsaq, Azərbaycanla Ermənistan arasındakı münasibət eyni Ermənistanla Türkiyə arasında olan münasibətə bərabərdir. Hesab edirəm ki, sülh sazişinin imzalanması indi hamıdan çox Ermənistana lazımdır. Qeyd etdiyim kimi, Ermənistan bu yolla bir oxla iki hədəfi vurmuş olur. İki arzusuna nail olmuş olur. Həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərini normallaşdıracaq. Çünki onlar həmişə dünyaya səslənirlər ki, siyasi-iqtisadi blokadadadırlar və bu blokadadan çıxmağın yollarını dünyada axtarırlar. Bu blokadadan çıxmağın yolu dünyada deyil. Bu yol Cənubi Qafqazdadır, Azərbaycanla sülh sazişinin imzalanmasındadır. Ancaq sülh sazişi olacaqmı, olmayacaqmı? Təbii ki, burda da seçim Ermənistandadır. Ermənistan dəfələrlə Azərbaycan prezidentinin bununla bağlı fikirlərini, bəyanatlarını eşidib ki, əgər Ermənistan sülh istəyirsə, Azərbaycanla Ermənistan arasında sülh olacaq. Əgər Ermənistan sülh istəmirsə, o halda sülh olmayacaq. Bunun öhdəliyi, vəzifəsi Ermənistanın üzərinə düşür.”
X. Bəşirov sonda vurğulayıb ki, hazırkı vəziyyətdə Ermənistan bugünkü qədər sülhə, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına belə yaxın olmayıb.
“Əgər bu qədər yaxınlıq əldə edilibsə, təbii ki, bu da Azərbaycanın xidmətlərinin, atdığı addımların nəticəsidir. Azərbaycan buna gətirib çıxaran siyasət ortaya qoyub. Hesab edirəm ki, bu qədər yaxın olmadığına görə Ermənistan artıq bu vəziyyətdən səmərəli istifadə etməlidir. Nəhayət ki, dalan ölkəsi olmaqdan çıxmaq üçün Azərbaycanla sülh sazişini imzalayıb, ona sədaqət nümayiş etdirməklə Türkiyə ilə də münasibətlərini normallaşdıracaq. Ermənistanın həm Azərbaycanla, həm də Türkiyə ilə sərhədləri açılacaq ki, bunun Ermənistana yalnız və yalnız xeyiri var”.
Rəfiqə NAMAZƏLİYEVA