Xalq artisti: “Səsvermə gününü səbirsizliklə gözləyirəm”

23 Yanvar 2024 16:35 (UTC+04:00)

“Səsvermə gününü çox böyük sevinc və həvəslə gözləyirəm”.

Bu sözləri secki-2024.az saytına açıqlamasında Azərbaycanın Xalq artisti, tanınmış televiziya diktoru Roza Tağıyeva deyib. Xalq artisti fevralın 7-ni səbirsizliklə gözləməsinin səbəbinin prezident seçkilərinin işğaldan azad olunan torpaqlarımızda da keçirilməsi olduğunu vurğulayıb:

“Sözlə ifadə bilməyəcəyim qürurla səs verməyə gedəcəm. Mənim 82 yaşım olsa da, bu günü görməyim Allahın mənə bəxş etdiyi ən böyük hədiyyədir. Yaşım çox olduğundan Qarabağın azadlığına qovuşacağını görmədən öləcəyimlə bağlı həmişə fikir edirdim. Bunu özümə ən böyük dərd etmişdim. Amma torpaqlarımızın azad olunması sanki məni bu dünyaya təzədən gətirdi və mənə həyat eşqi verdi”.

R.Tağıyeva vurğulayıb ki, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, bir zamanlar düşmən tapdağı altında əsarətdə olmuş, lakin artıq azadlığına qovuşmuş yerlərdə dövlətimizin bayrağının dalğalanması hər birimiz üçün qürurvericidir:

“Məhz bu sevinc hissləri uzun illərin kədərini də üstələyir. Şükürlər olsun ki, bu günləri görmək və yaşamaq bizə nəsib oldu. Bu azad və demokratik ölkədə seçkilərə sevə-sevə getmək, gələcəyimizi həll etməliyik”.

Xalq artisti düşünür ki, ölkənin bütün ərazilərində keçiriləcək seçkilər hər kəsdə böyük maraq yaradıb:

“Səsvermədə hər bir seçici böyük həvəslə iştirak edəcək. Buna əminəm”.

Özünün hər zaman səsvermələrdə iştirak etdiyini söyləyən Xalq artisti deyib: “Yasamal rayonunda yaşayıram, hər zaman seçkilərdə Zərifə Əliyeva adına tam orta məktəbdə təşkil edilən seçki məntəqəsində səs vermişik. Bu dəfə də həmin məkanda səs verəcəyik”.