Bu günlərdə metronun “Nərimanov” stansiyasının qarşısında icazəsiz aksiya keçirməyə cəhd göstərilib. Hər zaman olduğu kimi, youtub bloqlarının yaxa mikrofonu taxanları yaxasını metronun önündə cırmağa başlayıb. Media camesinin isminə və xarakterinə yaxşı bələd olduğu Gülnaz Qənbərli asayişi təmin etməyə çalışan polislərə həm jurnalistikadan, həm də Daxili İşlər Nazirliyinin fiziki normativlərindən “dərs” keçib. Onun hadisə yerində hadisə çıxardan görüntülərinə baxanlar baxıb, baxmayanların da elə baxmaması məsləhətdir. O səbəbdən ki, Gülnaz Qənbərlinin hərəkətləri media adına sadəcə olaraq utancdır. Belə jurnalistika, bu sayaq xəbərçilik olmaz!
Gülnaz Qənbərlinin qanunsuz aksiyanın iştirakçılarından daha çox “əkşin” göstərməsi barədə Mətbuat Şurası bəyanatla çıxış edib. Bəyanatda deyilir:
“Paytaxtın Nəriman Nərimanov metrosu yaxınlığında keçirilmiş icazəsiz aksiyada bəzi jurnalistlərin, xüsusilə jurnalist Gülnaz Qəmbərlinin davranışları bunu söyləməyə əsas verir. Həmin aksiya zamanı belə qənaət formalaşdı ki, media təmsilçiləri prosesə informasiya yayıcısı deyil, konkret tərəf olaraq qatılmış, öz vəzifə borcunu yerinə yetirən polis əməkdaşlarını hədəfə gətirməyə və ümumilikdə vəziyyətin gərginləşməsinə çalışmışlar”.
Bəyanatda kütləvi aksiyalar zamanı jurnalistlərin necə davranmalı olması barədə geniş danışıldığından təkrarçılığa lüzum yoxdur. Ancaq bir sual açıq qalır: bu iş burada qalmalıdırmı?
Əlbəttə, yox!
Bütün dünyada jurnalistika ən prestijli peşələrdən biridir. Çox təəssüf ki, ölkəmizdə bu sahənin prestijinə xələl gətirən, jurnalist adını batıran uğursuz, aqressiv, savadsız insanlar mediaya axın edib. İndi qalmışıq əllərində. Vəziyyəti düzəltmək, bir zamanlar nüfuzu ayaq altında sürünən vəkillik peşəsi kimi jurnalistikanın da imicini düzəltmək üçün “Media haqqında qanun” qəbul edildi. Media subyektlərinin və əməkdaşlarının reyestrdən keçməsi təklif olundu. Gülnaz Qənbərli hansısa media subyektində çalışır, özü fərdi sahibkar kimi VÖEN alaraq mikrafon tutur, bilmirik. Böyük ehtimalla, heç jurnalist kimi reyestrə də düşməyib.
Bildiyimiz budur ki, onun Azərbaycan qadınları, polis əməkdaşları barədə ağzına gələni danışmağa nə hüququ, nə də mənəvi əsası var. Görəsən, yetənə yetib yetməyənə sözün birbaşa mənasında təpik atan, getdiyi tədbirlərdə saçyoldusuna çıxan Gülnaz kimilərinin jurnalist adından sui-istifadə etməsinə necə son qoymalı?
Gülnazın xanım polislər barədə çərənləməsi təkcə etik yox, həm də hüquqi məsuliyyət yaradır. Media haqqında qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar. İşin bu tərəfi ilə səlahiyyətli qurumlar məşğul olmalıdır və yəqin ki olacaqlar da. Hər halda Cinayət Məcəlləsinin 46.1-ci maddəsi Gülnaz kimilərinin jurnalist fəaliyyəti göstərmək hüququndan məhrum edilməsinə imkan verir. Medianın inkişaf yolunun üstündəki qənbərləri kənara tullanmağın zamanı çoxdan yetib.
AzNews.az