“Lavrov Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı çox dəqiq və doğru bir mövqe sərgilədi. Aydın məsələdir ki, bizim Rusiyaya da, Lavrova da münasibətimiz bir qayda olaraq tənqidi olur. Amma bu məsələdə insafən obyektiv və ədalətli oldu. Doğruları danışdı və bu doğruların içində maraqlı olanı qeyd etdi. Üçtərəfli razılaşmanın doqquzuncu bəndində dəqiq olaraq göstərilir ki, bölgədəki bütün iqtisadi, nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyata nəzarət Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti orqanları tərəfindən həyata keçirilir. Bu ilk razılaşma mətndə var və bildiyim qədərilə indi də qüvvədədir. Əslində Lavrov dedi ki, Paşinyan yalan danışır. Belə bir razılaşma var. Azərbaycanın Qərb rayonları ilə Naxçıvanı birləşdirən nəqliyyat dəhlizinin açılmasına Ermənistan razılıq verib. Sonra isə dedi ki, baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüşdə də Ermənistan tərəfi bunu bir daha təsdiqləyib. Yəni bu əlaqələrin, dəhlizin açılması ilə bağlı öhdəliklərə sadiq olduğunu bəyan edib. Ancaq sonradan sözündən qaçıb, fikrindən daşınıb. Düzdür, biz sonra gördük ki, İran da bu məsələnin əleyhinə getdi. Eyni zamanda Qərbdə bu məsələ ilə bağlı əvvəl yumşaq, sonra çox sərt formada bu məsələnin üzərinə gəldilər. Burada düzü İran daha çox sərhədlərin dəyişməzliyi, dəyişilməzliyi məsələsini qoyurdu. Onun qırmızı xətti olduğunu deyirdi. Lakin bu dəhlizin açılması sərhədlərin dəyişməsi deyil. İran da burada qaydasız oynayırdı, cığallıq edirdi və məqsədini gizlədirdi”.
Bu sözləri AzNews.az-a açıqlamasında Əli Mustafayev deyib.
O qeyd edib ki, Qərbin mövqeyində bu dəhlizə Rusiyanın nəzarəti altında açılmasını istəmir kimi bir qənaət var.
“Açığı, belə bir fikir ictimailəşib ki, Qərb dəhlizin açılmasının əleyhinə deyil, amma buranın Rusiyanın sərhəd qoşunlarının nəzarətində olmasını istəmir. Qərb istəyir ki, bu dəhlizə özü nəzarət etsin. Lakin başqa bir fikir də var ki, ümumiyyətlə, Qərb bu dəhlizin açılmasını istəmir. Çünki bu, Çindən Avropaya gedən yoldur. Qərb daha çox çalışır ki, Çini bloklasın. Onun iqtisadiyyatını zəiflətsin və əgər mümkün deyilsə heç olmasa özü nəzarət etsin.
Bəlkə də Rusiyanın nəzarəti məsələsinə görə Ermənistan razılaşmanı pozur və düzgün oynamır. Yəni əslində bu məsələləri Lavrovun bir daha hallandırması, deməsi olduqca faydalıdır və doğrudur. Çünki Ermənistanda da bəzən bizi hansısa məsələlərdə qınayırlar. Düzdür, Paşinyan özü son açıqlamasında Azərbaycanı başa düşürmüş kimi danışdı. Ancaq hər halda Ermənistan tərəfindən Azərbaycanın əleyhinə bir çox iddialar, ittihamlar var. Xüsusilə sərhədlərlə, 1991-ci il Almata razılaşması ilə bağlı. Konkret olaraq Lavrovun bu açıqlamasında bir şey dünyaya növbəti bəyan olundu ki, Ermənistan burada razılığı pozur. Ermənistan Naxçıvanın blokadada qalmasının səbəbkarıdır. Ermənistan öncədən razılaşdırılmış məsələdən boyun qaçırır və bu dəhlizin açılmasına mane olur. Ən azı Lavrovun çıxışının həmin hissəsini Azərbaycanın haqlı olduğunu bir daha dünyaya bəyan etməsi baxımından faydalı hesab edirəm”.
Rəfiqə NAMAZƏLİYEVA