“Binə aksiyaçıları”na hökm oxunacaq

7 Avqust 2013 10:24 (UTC+04:00)
Binə Ticarət Mərkəzindəki etiraz aksiyasında saxlanılan etirazçıların işi üzrə bu gün növbəti məhkəmə prosesi keçirilib.

Qaradağ rayon Məhkəməsindən Modern.az saytına verilən məlumata görə, məhkəmədə zərəçəkmişlərin, şahidlərin, ittiham olunan şəxslərin dindirilməsi yekunlaşıb.

Prosesin sonunda hakim elan edib ki, avqustun 19-da "Binə aksiyaçıları"na hökm oxunacaq.

Qeyd edək ki, ötən proseslərdə aksiya iştirakçılarına qarşı irəli sürülən ittihamlardan bəziləri yüngülləşdirilib. Belə ki, aksiya iştirakçılarının hamısının üzərindən polisə müqavimət maddəsi üzrə ittiham götürülüb.

Xatırladaq ki, bu il yanvarın 19-da "Binə" Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar rəhbərliyin icarə haqqını qaldırmasına etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib. Nəticədə aksiya iştirakçıları polis əməkdaşları arasında qarşıdurma baş verib, 10 polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir neçə xidməti avtomobilə isə ziyan vurulub. Aksiyaçılardan da xeyli adam yaralanıb.

Etirazçılar Malik Məhərrəmov, Nicat Paşayev, Əbülfəz Əliyev, Samir Zeynalzadə, Səid Ədilov, Məhəmməd Mürsəliyev, Elnur Əliyev, Samid Hüseynov, Qüdrət Kişiyev və Vaqif İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

AzNews.az