Ekspert: “Media seçki təşviqatı üzrə işini peşəkar formada qurub”

26 Yanvar 2024 11:11 (UTC+04:00)
“Fevralın 7-də keçiriləcək prezident seçkisi ilə bağlı medianın üzərinə düşən vəzifələrin yerinə yetirilməsi ən yüksək səviyyədə təşkil edilib. Bir tərəfdən müvafiq qanunların yaratdığı imkan, digər tərəfdən də ümumiyyətlə dövlətin bu məsələdə sərgilədiyi davranış bir daha göstərir ki, prezidentliyə namizədlər, onların təmsilçiləri və tərəfdarları üçün hər hansı problem yoxdur. Yəni hazırkı günə qədər yeddi namizəddən heç biri, həmçinin onların tərəfdarları mediada seçki təşviqatı ilə bağlı hər hansı narazılıq ifadə etməyib. Bu isə bir daha göstərir ki, Azərbaycan dövləti media sahəsində də lazımi şəraiti tam təmin edir”.

Bunu secki-2024.az saytına açıqlamasında media eksperti, İctimai TV/Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, Əməkdar jurnalist Azər Həsrət deyib.

Ekspert əlavə edib ki, namizədlərin təşviqatı üçün İctimai TV/Radio ilə yanaşı bir neçə rəsmi dövlət qəzetində ödənişsiz imkanlar yaradılıb: “Biz görürük ki, namizədlər bu imkanlardan da heç bir problemsiz, bərabər şərtlər çərçivəsində istifadə edirlər. Ümumilikdə götürəndə isə istər MSK, istərsə də dövlətin bütün mexanizmləri maksimum səy göstərir ki, hər bir namizəd bərabər şəkildə təşviqatını qura bilsin. Bu isə ondan xəbər verir ki, seçkinin alternativ əsaslarla, vətəndaşın iradəsinə kənar müdaxilə olmadan təşkili dövlətin öncəliyidir. Elə o baxımdan da media istər ödənişsiz, istərsə də ödənişli təbliğat məsələlərində heç bir ayrıseçkiliyə yol vermir”.

Azər Həsrət qeyd edib ki, indiyə qədər heç bir milli və ya beynəlxalq qurum medianın seçki kampaniyasında iştirakı ilə bağlı hər hansı narahatlıq ifadə etməyib: “Çünki narahtlığa səbəb yoxdur. Belə bir şəraitdə seçkiyə getmək bizləri çox sevindirir”.