Ərə getmək üçün oxumaq

7 Avqust 2013 12:27 (UTC+04:00)
Son günlər, mediada Milli Şuranın başında yaranan ajiotaj konsertləri, jurnalistlərə verilən ev xəbərləri, tele-aparıcıların istirahət şəkilləri, artistlərin piar üçün adamlara rahatlıqla sırıdığı oyunlar, əbədi və mənasız AYB-yazar qarşıdurmaları və s. kimi tragikomik gündəmin ortasında mənim üçün maraqlı və sevindirici yeganə xəbər TQDK-nın məlumatlarında abituriyentlərin əksəriyyətinin qızlar olması idi.

Nəhayət ki, bizim qızlar arasında hicab bağlamaq, namaz qılmaq, tez ərə getməkdən sonra diplom almaq kimi müsbət bir hal da dəbə mindi. Təbii ki, paytaxtda qızların bakalavrdan magistraturaya keçməsi, ikinci təhsil üçün xaricə getməsi, karyera qurmaq cəhdləri kimi başqa sevindirici məqamlar da var. Amma əyalət qızlarının dəb xətrinə dördcə il oxuması və gedib kəndində müəllimə işləməsi də böyük irəliləyişdir. Mən burda məsələnin savad, dünyagörüşü tərəfinə heç yaxın da düşmürəm. Ən azından ona görə ki, söhbət gələcəkdə bir qadının sosial azadlığından gedir. Axı indi qaynanalar da "müasirləşib". Məsələn, əvvəllər bizim kəndlərdə qızları gözəlliyinə, xüsusən də qaş-gözünə, evdarlığına, səliqə-sahmanına görə alırdılarsa, indi valideynlər deyir ki, niyə oğlum gedib fəhləlik etsin, qadını da hazırına-nazir, oturub yesin?! Zəhmət çəksin, arvad da işləsin! Müəllimədirsə, beş uşaq götürüb hazırlaşdırar, tibb bacısıdırsa, iki xəstəyə "sistem" köçürər, iynə vurar və s. Ən mühafizəkar ailələrimizdə belə, evə pul gətirən qadının bir kəlmə artıq, bir kəlmə əksik də olsa mütləq söz haqqı yaranır. Statistikaya görə, qızların ən çox üçüncü qrupa sənəd verdiyini görüncə yadıma qohum bir ailənin oğlanları üçün qız seçməsi düşdü. Anladığım qədərilə ailə mütləq diplomlu qız istəyirdi. Gəlin namizədlərin siyahısını ortaya qoyub, ciddi müzakirə edirdilər. Siyahıya alınmış xeyli qıza quş qoyduqdan sonra, ikisinin üstündə dayandılar. Axıra qalmış iki qızın biri fizika-riyaziyyatı, o biri isə filologiyanı bitirmişdi. "Diplomlu qız" məntiqini anlasam da, bir yerdə oğul anasının uzaqgörənliyinə heyrət etdim. Filologiyanı qurtarmış qızın ailə, nəsil-nəcabət kimi əlavə üstünlükləri olsa da, oğul anası təkidlə riyaziyyatı bitirəni istədi. Səbəb olaraq ədəbiyyat oxumuş qızların xəyalpərəst, romantik, tərbiyəsiz, riyaziyyat oxumuş qızlarınsa tərbiyəli və realist olduğunu göstərdi. Al, bu da sizə müasir qaynana!

Son olaraq üzümü qızlara tutub Lenin babanın "Oxumaq, oxumaq, yenə də oxumaq!!!" fikrinə əlavəmlə demək istəyirəm ki, ən azı diplom üçün, ailədə söz deyə bilmək üçün, müasir qayınanaların məntiqini zərərsizləşdirmək, gələcəkdə uşaqlarınızı birinci sinifdən repetitor yanına göndərməmək və nəhayət, fərd olmaq, azad olmaq üçün, sadəcə qadın yox, adam olmaq üçün oxuyun!

Gündəmi daha dürüst, daha mənalı, daha yaxşı olan bir cəmiyyət qurmaq üçün oxuyun...