Rəşadət Axundov azadlığa buraxıla bilər

7 Avqust 2013 12:29 (UTC+04:00)
NİDA Vətəndaş Hərəkatı fəallarından Rəşadət Axundov barəsində seçilən həbs cəzası ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz oluna bilər.

Media Hüququ İnstitutunun R.Axundovun hüquqlarını müdafiə edən vəkilləri avqustun 7-də bununla bağlı Nəsimi Məhkəməsinə müraciət ediblər. Bu barədə Media Hüququ İnstitutu məlumat verib.

Nəsimi Məhkəməsinə təqdim olunan vəsadətdə qeyd olunur ki, R.Axundov barəsində həbs qətimkan tədbirinin seçilməsi qanuni olmayıb. R.Axundova münasibətdə insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasinin Konstitusiya Qanununun, Cinayət Prosessual Məcəlləsinin müddəalarının, habelə Avropa Konvensiyanın 5-ci maddəsinin (azadlıq və toxunulmazlıq hüququ) pozuntusuna yol verilib. Belə ki, hüquq pozuntusu törədilməsində şübhəli bilinən şəxs barəsində həbs tədbirinin seçilməsi üçün qanuni əsaslar olmalıdır. Şəxsin gizlənmə, iş üzrə həqiqətin aşkara çıxarılması prosesinə mane olmaq təhlükəsi, habelə şəxsin yeni cinayətlər törətməsinin qarşısını almaq, ictimai asayişi qorumaq zərurəti mövcud olmalıdır. Rəşadət Axundovun işində isə bu əsasların heç biri mövcud olmayıb.

Vəkilləri Nəsimi Məhkəməsindən xahiş ediblər ki, R.Axundovun şəxsiyyətini, ailə durumunu, xəstəliyini, həbs üçün əsasların olmamasını nəzərə alaraq onun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz etsin. Məhkəmədən həmçinin, R.Axundov barəsində qanunsuz qərarların verilməsində təqsirli olanlar barəsində xüsusi qərar çıxarması, qanunsuz həbs nəticəsində R. Axundova vurulmuş maddi və mənəvi zərərin kompensasiya edilməsi xahiş olunur.

R.Axundov 30 mart 2013-cü ildə evdən çıxarkən 4 nəfər naməlum şəxslər tərəfindən oğurlanıb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə gətirilib. Onun heç bir hüququ ona izah edilməyib. Orada Ərizəçi Cinayət Məcəlləsinin (CM) 228.3-cü (Qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilib. Elə həmin gün də onun barəsinə həbs qətimkan tədbiri seçilib. Nəsimi rayon məhkəməsinin (NRM) 30 mart 2013-cü il qərarı ilə Ərizəçi barədə həbsdə saxlama müddəti 3 ay müəyyən edilib. 24 iyun 2013-cü il tarixdə R.Axundov barəsində həbs qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb. R.Axundov qan və mədə-xorası xəstəliyindən əziyyət çəkir.

AzNews.az