Təhsil İdarəsində 1-ci sinfə qəbulla bağlı komissiyalar yaradıldı

7 Avqust 2013 13:23 (UTC+04:00)

Təhsil naziri Mikayıl Cabbarovun "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" barədə əmrinə müvafiq olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva əmr imzalayıb.

BŞTİ-dən verilən məlumata görə, əmrə əsasən "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"nı təmin etmək məqsədilə valideynlərin ərizələri 20 avqusta qədər qəbul ediləcək. Vətəndaşlar Təhsil İdarəsinə (Ünvan: X.Şuşinski, 17, tel: 441- 06 - 99) ərizə ilə yanaşı uşağın doğum haqqında şəhadətnaməsinin əslini və surətini, 3x4 sm ölçüdə 1 ədəd şəklini təqdim etməlidirlər. Ərizələrin qəbulu istirahət və bayram günləri istisna olmaqla hər gün saat 10 : 00 - dan 17 : 00 – dək davam edir.

Qeyd edək ki, "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31 - dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilib. Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə I sinfə qəbul olunmaq istəyənlərlə müsahibənin aparılması üçün komissiyalar yaradılıb. Komissiyaların işi 5 avqustdan Nəsimi rayonunda yerləşən 42 saylı məktəbdə təşkil olunub. Hazırda xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün 6 komissiya fəaliyyət göstərir.

Hər bir komissiya ibtidai sinif müəllimi, həkim, psixoloq və metodistlərdən ibarət olmaqla 5 nəfərdən təşkil edilib. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün keçirilən müsahibə saat 9:00 – dan 18:00 – dək davam edir. Təhsil Nazirliyinin təsdiq etdiyi Qaydalara uyğun olaraq uşaqla tədris alacağı dildə 15 - 20 dəqiqə ərzində müsahibə aparılacaq. Zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün uşaqlara 4 sual veriləcək. Hər bir suala cavabın 5 ballıq şkala üzrə qiymətləndirilməsi nəzərdə tutulur. Ən azı 15 bal toplamış uşaq zəruri zehni keyfiyyətlərə malik hesab olunur. Müsahibə sentyabrın 10 – da başa çatacaq.

Elnarə
AzNews.az