43 mlrd. kubmetrə yaxın qaz ixrac edildi

7 Avqust 2013 18:42 (UTC+04:00)
Bu ilin ilk altı ayı ərzində "Şahdəniz" yatağı Azərbaycan, Gürcüstan və Türkiyə bazarları üçün qaz hasilatını davam etdirib.

"BP-Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, "Şahdəniz" Mərhələ-1 qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılmaqda davam edir.

Bu ilin yarım ilində yataqdan 4,8 mlrd. kubmetr qaz və 1,26 mln. ton (təqribən 10 mln. barel) kondensat və ya gündəlik təxminən 27 mln. kubmetr qaz və 54,8 min barel kondensat hasil edilib.

2006-cı ilin sonlarında "Şahdəniz"də hasilat başlanandan 2013-cü ilin birinci yarısının sonunadək yataqdan bazarlara təqribən 42,7 mlrd. kub metr qaz və 11,3 mln. ton (90 milyon barel) kondensat ixrac edilib.

"Şahdəniz"in hasilat sistemi hazırda özünün gündəlik maksimum gücü olan 55 min barel kondensat səviyyəsində çalışır və beləliklə, hasilat bazar tələb etdikdə ən yüksək sabit səviyyədə olur.

Bu ilin ilk yarısında "Şahdəniz" üzrə fəaliyyətlərə 94 mln. dollar əməliyyat xərcləri və 855 mln. dollar əsaslı xərclər çəkilib. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq 225 mln. dollar və 2,314 mlrd. dollar olacağı gözlənilir.

Qeyd edək ki, "Şahdəniz" yatağında iştirak payları BP (operator - 25,5%), "Statoil" (25,5%), ARDNŞ (10%), "Lukoil" (10%), NİKO (10%), "Total" (10%) və TPAO (9%) arasında bölünür.

AzNews.az