47 saylı DSK-nın sədri: “İlk dəfə səs verəcək gənclərin sayı 300-ə yaxındır”

5 Fevral 2024 19:11 (UTC+04:00)

“47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsi üzrə qeydiyyatda olan seçiciləri sayı 55 264-dür. Bu seçicilərin 26 533 nəfəri Sumqayıt, 12 412 nəfəri Abşeron, 11 184 nəfəri isə Qaradağ rayonu üzrə qeydiyyatdadır. Seçki dairəsi üzrə qapalı müəssisədə (təcridxanada) qeydiyyatda olanlar da var. Dairə üzrə 47 seçki məntəqəsinin müvafiq olaraq 21-i Sumqayıt şəhərinin, 11-i Abşeron, 9-u isə Qaradağ rayonunun inzibati ərazisinə daxildir. 6 seçki məntəqəsi isə qapalı müəssisə ərazisindədir. Bu seçki məntəqələrinin 7-si veb-kamera ilə təzhiz olunub ki, onların da 2-si Sumqayıtda, 2-si Abşeronda, 3-ü isə Qaradağ rayonundadır”.

Bunu secki-2024.az saytına açıqlamasında 47 saylı Sumqayit-Abşeron-Qaradağ dairə seçki komissiyasinin (DSK) sədri İlqar Allahverdiyev deyib.

O bildirib ki, seçki dairəsi üzrə ilk dəfə səs verəcək gənclərin sayı 300-ə yaxındır: “Seçki dairəsi üzrə 80-100 yaş aralığında 533 nəfər seçici var. Ən yaşlı seçicinin isə 97 yaşı var”.

DSK sədri bildirib ki, yanvar ayında təqvim planına əsasən məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil olunub. Seçki bülletenlərinin seçki məntəqələrinə paylanması yekunlaşıb: “Seçki dairəsi üzrə qeydiyyatdan çıxma vəsiqəsi alanların sayı 340 nəfərə yaxındır”.