“7 fevral prezident seçkiləri bütövlükdə Azərbaycanın inkişafı üçün yeni zəmin, yeni situasiya yaradacaq. Bu mənada Azərbaycan mediası da qarşıdakı dövr üçün yeni bir mərhələnin astanasındadır”.
Bu fikirləri secki-2024.az saytına açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Alqış Musayev deyib.
Baş redaktor bildirib ki, seçki prosesinin bütün mərhələlərinin şəffaf və demokratik şəkildə, qanunvericiliyin tələblərinə uyğun keçirilməsi Azərbaycanın yüksək səviyyəli seçki ənənəsinin nümayişidir. Onun sözlərinə görə, seçicilərin seçki prosesinin bütün mərhələlərində yüksək aktivlik və maraq göstərməsinə əsaslanaraq, seçki günü də fəallığın yüksək səviyyədə olacağını proqnozlaşdırmaq mümkündür:
“Seçki günü məntəqlərdə demokratik seçim üçün vətəndaşlara hər cür şərait yaradılıb. 80 mindən artıq müşahidəçi prosesi izləyəcək. Bunların sırasında çoxlu sayda beynəlxalq təşkilatların müşahidəçiləri və xarici KİV-in nümayəndələri də var. Təbii ki, yerli KİV nümayəndələrimiz də seçki günü proseslə bağlı xəbərlərin operativ və obyektiv yayılmasında aktivlik nümayiş etdirməlidir. 7 fevral seçkiləri Azərbaycan üçün mühüm siyasi mərhələdir. İnanıram ki, cəmiyyətimiz bu mərhələni uğurla başa çatdıracaq”.