Ziyalılar Forumu da toplaşır; İbrahimbəyov bütün kartlarını işə saldı

7 Avqust 2013 18:09 (UTC+04:00)
Ziyalılar Forumu Ramazan bayramından sonra toplaşacaq.

Bu barədə AzNews.az-a forumun üzvü Eldəniz Quliyev məlumat verib. O bildirib ki, Ziyalılar Forumunun üzvləri bir müddətdir Bakıda olmadığı üçün forum toplantılarına ara vermişdi: "Bilirsiniz ki, Ziyalılar Forumunun bir neçə üzvü Bakıda yox idi. Hazırda isə hamı Bakıdadır. Odur ki, ölkədə baş verən siyasi prosesləri nəzərə alıb, Ziyalılar Forumunun böyük bir toplantısı keçirəcəyik".

E.Quliyev deyib ki, toplantıda Milli Şuranın fəaliyyəti dəyərləndiriləcək, həmçinin, ziyalıları narahat edən suallar cavablanacaq, problemlərə aydınlıq gətiriləcək.

Qeyd edək ki, "El" Hərəkatının da avqustun 13-də konfrans keçirəcəyini nəzərə aldıqda, Ziyalılar Forumunun uzun müddətdən sonra toplanması maraqlı nüansdır. Gözlənilir ki, ZF də növbəti toplantısında R.İbrahimbəyovun namizədliyinin dəstəklənməsilə bağlı bəyanatla çıxış etsin. R.İbrahimbəyova birbaşa bağlılığı olan və onun təşəbbüsü ilə yaradılmış Ziyalılar Forumunun, həmçinin, Eldar Namazov vasitəsilə dolayısıyla məşhur kinossenaristin nəzarətində olan "EL" Hərəkatının anidən toplantı qərarı verməsi Milli Şura sədrinin ölkəyə gəlişinin ləngidiyi bir zamanda Azərbaycandakı bütün mümkün kartlarından istifadə edərək, dəstək qazanmağa çalışmasının göstəricisi olduğunu iddia etmək olar.

Görünür, R.İbrahimbəyov Azərbaycana gəlişinin gecikdiyi hər gün nüfuzuna bir az da xələl gəldiyi qənaətindədir. İbrahimbəyova bağlı olan adı çəkilən qurumların anidən toplantı qərarı verməsini Milli Şuranın özünə ehtiyat namizəd seçmək ehtimalının artması ilə də əlaqələndirmək mümkündür. İbrahimbəyov kənar təşkilatlardan dəstək alaraq, MŞ-də vahid namizədliyini qorumağı planlaşdırır.

Bahar Rüstəmli
AzNews.az