DİN ötən gün ölən şəxslə bağlı açıqlama yaydı - Yeniləndi

8 Avqust 2013 12:52 (UTC+04:00)
Daxili İşlər Nazirliyi Bakı şəhər sakini Etibar Qasımovun 12-ci mərtəbədən düşməsi ilə əlaqədar açıqlama yayıb.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 7-də Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yaşayan Etibar Qasımov ehtiyatsızlıq nəticəsində yaşadığı 12-ci mərtəbənin eyvanından yıxılaraq ölüb.

Ötən gün bədbəxt hadisə nəticəsində ölən şəxsin qonşuları APA-nın müxbirinə həmin şəxsin intihar etdiyini bildiriblər.


***
09:25
Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.

APA-nın xəbərinə görə, Cəlil Məmmədquluzadə, 101 ünvanında yerləşən 16 mərtəbəli binanın 12-ci mərtəbəsindəki mənzilin balkonundan özünü atan şəxs həyatına son qoyub.

Qonşular ölənin Məmmədov Rasim İnqilab oğlu olduğunu söyləsə də, hadisə yerində işləyən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları intihar edən şəxsin kimliyinin müəyyən olunmadığını söyləyib.

Meyit ekspertiza olunmaq üzrə Şəhər Mərkəzi Klinik xəstəxanasına aparılıb. Faktla bağlı Nəsimi polisi və prokurorluğu tərəfindən araşdırma aparılır.


AzNews.az