Seçkilər azad, qanunauyğun və şəffaf şəkildə keçirilib.
Bu barədə Anqola parlamentinin nümayəndəsi Pedro De Morais Neto Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, seçkilər qanuna uyğun və səliqəli keçirildi, seçicilərin yüksək fəallığı müşahidə olunurdu: "Seçkiyə marağın bu qədər yüksək olması Azərbaycanda yaradılan vəziyyətlə əlaqəlidir. Bu da o deməkdir ki, Azərbaycanda iqtisadi və sosial stabillikdir. Bu da ölkə vətəndaşı üçün böyük şansdır və vətəndaşlar bunu yaxşı dəyərləndirirlər".
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.