Bayramda verilən fitrənin miqdarı açıqlandı

8 Avqust 2013 12:44 (UTC+04:00)
Azərbaycanda müqəddəs Ramazan ayının başa çatması münasibətilə ödənilən fitrə zəkatının məbləği müəyyənləşib.


Qafqaz Müsəlmanları idarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın ANS PRESS-ə verdiyi məlumata görə, Qazılar Şurası tərəfindən müəyyən olunmuş fitrənin dəyəri 3-5 manat arasındadır.

R. Dadaşovanın sözlərinə görə, bu, vacib məhsulların dəyəri ilə müəyyən olunur. İmkanı olan şəxslər ailə üzvlərinin sayına görə adambaşına 3-5 manat fitrə çıxarmalıdırlar.

R. Dadaşova onu da bildirdi ki, fitrə bayrama-yəni sabaha qədər çıxarılmalıdır və imkansız şəxslərə verilməlidir.

Xatırladaq ki, fitrə zəkatı maddi vəziyyəti çətin olan adamlara (fəqirlərə) verilir. Hər kəs öz kasıb qohumuna ya qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır. Fitrə zəkatı Allahın verdiyi nemətlərə şükür etmək, bayram günü kasıbları sevindirmək və oruc vaxtı yol verilmiş kiçik günahlardan təmizlənmək üçündür.

Fitrə zəkatı adi sədəqə deyil, vacib dini ibadətdir. Buna görə də onu şəriətdə nəzərdə tutulmuş qaydada vermək lazımdır.

AzNews.az