Erməni əsgərinin əsir düşməsi təsdiqləndi

8 Avqust 2013 11:49 (UTC+04:00)
Azərbaycan ərazilərini işğal etmiş separatçı rejimin "Müdafiə Nazirliyi" erməni əsgərin təmas xəttinin Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçdiyini təsdiqləyib.

APA-nın "NEWS.am"-a istinadən verdiyi məlumata görə, "Müdafiə Nazirliyi"nin mətbuat xidmətindən bildirilib ki, əsgər, 1991-ci il təvəllüdlü Akop Gevorkoviç İnciqulyan avqustun 7-dən 8-nə keçən gecə saat 3 radələrində azaraq Azərbaycan Silah Qüvvələrinin nəzarəti altında olan əraziyə keçib.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov da APA-ya açıqlamasında faktı təsdiqləyib. O, daha ətraflı məlumatın yaxın vaxtlarda veriləcəyini bildirib.

Qeyd edək ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin iki hərbçisi qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Azərbaycan hərbçiləri onlardan birini saxlayıb, digəri isə qaçmağa cəhd edərkən neytral zonada minaya düşüb.

Onun sağ olub-olmaması barədə dəqiq məlumat yoxdur.

Erməni hərbçilərin təmas xəttini hansı məqsədlə keçdikləri də hələlik məlum deyil. Faktla bağlı dəqiqləşmələr aparılır.

AzNews.az