Ehtiyatda olan polkovnik: Ermənistan müharibə barədə düşünür, sülhdən yayınır

13 Fevral 2024 11:55 (UTC+04:00)

Ermənistan ancaq müharibə barədə düşünür, sülhdən yayınır.

Bunu “Report”a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Ermənistan ordusunun Azərbaycanla sərhəddə törətdiyi təxribatları şərh edərkən deyib.

O bildirib ki, son hadisələr İrəvanın sülhdən uzaq olduğunu, bölgədə vəziyyəti məqsədli şəkildə gərginləşdirməyə çalışdığını göstərir: “Ermənistan rəhbərliyinin sülhlə bağlı dedikləri sadəcə ictimaiyyətə hesablanmış açıqlamalardır və görünür, real mövqeyi əks etdirmir. Ona görə də sülh sazişinin imzalanması uzanır. Qarşı tərəf şərti sərhəddə vaxtaşırı bu cür insidentlər yaratmaqla bölgədə vəziyyəti daim gərgin saxlamağa çalışır. Məqsəd regionda davamlı sülhün qarşısını almaqdır”.

Ekspert söyləyib ki, ermənilərin sərhəd təxribatları həm regional sülhü sual altında qoyur, həm də beynəlxalq hüquqa hörmətsizliyi nümayiş etdirir: “Əlbəttə, bu, Ermənistanın məqsədyönlü təxribatı idi. Bunu sübut edən konkret faktlar var. Yayılan videogörüntülərdən aydın olur ki, bu təxribatlar əvvəlcədən hazırlanıb. Kadrların təhlili göstərir ki, erməni snayperi sərhədçimizə atəş açandan dərhal sonra öz mövqeyini rahat şəkildə - digər erməni hərbçilərinin müşayiəti ilə tərk edir. Yəni erməni snayperi məqsədli şəkildə ön xətdə yerləşdirilib və digər erməni hərbçilərinin də iştirakı ilə Azərbaycana qarşı təxribat törədib. Hadisənin bir neçə erməni hərbçisinin iştirakı ilə törədilməsi onu deməyə əsas verir ki, İrəvanın bu təxribatı hər hansı əsgərin özfəaliyyəti kimi təqdim etməyə çalışması absurddur və həqiqətdən uzaqdır”.