Biz niyə “Qarabağ“ klubunun yanında olmalıyıq?

8 Avqust 2013 21:29 (UTC+04:00)
Hazırda bütün idman növləri arasında futbol xüsusilə seçilir. Futbolun özəlliyi ondadır ki, idman növü olmaqla yanaşı, eyni zamanda böyük təbliğat vasitələrindən birinə çevrilib.

Futbolu inkişaf edən dövlətlər, bu idman növündən milyardlarla pul qazanır. Təkcə, elə yetişdirdikləri oyunçulardan başqa klublara transfer etməklə milyonlarla pul qazanılır. Eyni zamanda futbol turizmdən tutmuş, digər sahələrin inkişafına da böyük təsir göstərir.

Nəzərə alsaq ki, bir oyunu televiziya qarşısından milyonlarla insan izləyir, üstəlik dünya mediasının diqqət mərkəzində olduğunu da hesaba qatsaq, futbolun beynəlxalq gücü ortaya çıxır. Deməli, bu gün yaşadığımız dünyada futbol geosiyasi faktora çevrilib.

Belə olan halda Azərbaycanın bu prosesdən kənarda qalması qeyri-mümkündür. Bu gün Azərbaycanda futbol inkişaf edir və emosional azarkeşlər yaranmaqdadır. Futbolumuzda istədiyimiz nəticələri əldə etməsək də, böyük sərmayələr qoyulmaqdadır.

Düzdür, dünyanın güclü komandaları səviyyəsində olan azarkeşlər Azərbaycanda olmasa belə, amma artıq klublarımızı on minlər səviyyəsində dəstəkləyən insan toplumu var.

Mən bunun keçən dəfə "Qarabağ" klubunun avropa klubları ilə oyunlarında bir daha şahidi oldum ki, Azərbaycan azarkeşləri klublarımızın uğurlu qələbələrini gözləyir və oyun zaman var gücləri ilə dəstək olurlar. Əgər, uğurlu nəticələr verəcəksə, azarkeşlərin sayında artım tendensiyası müşahidə olunacaq.

Yuxarıda futbolun əhəmiyyəti ilə bağlı yazdığım fikirlərin davamı olaraq, qeyd etməliyəm ki, işğal altında qalan bir bölgənin adını daşıyan futbol klubunun Avropa cempionatlarında oynamasının böyük siyasi-ideoloji əhəmiyyəti var. "Qarabağ" klubunun bizim üçün digər özəlliyi ondadır ki,o işğal altında qalan torpaqlarımızın hayqırtı səsidir və beynəlxalq arenada Qarabağın Azərbaycan məxsus olmasını bir daha təsdiq edən sübutlu pasportudur.

"Qarabağ" klubunun avroliqada oynaması Ermənistan və erməni diasporunun apardığı antiazərbaycan və "Qarabağ ermənilərə məxsusdur" fikrini alt-üst edir və ona görə də Qarabağ hər zaman Avropa klublarında oynayan zaman erməni diasporu bundan bərk narahat olur. Yüzlərlə konfrans keçirib, Qarabağın bizə aid olduğunu sübut etməyə çalışırıqsa, amma "Qarabağ" bir oyunla bunu sübut edir.

Çünki, "Qarabağ" klubu Azərbaycan adı ilə oyunlara çıxır və uğurlu nəticələ əldə edir. Üstəlik, dünya mediasında Qarabağ sözü adı ictimaiəşləməyə başlayır və insanların altşüur qatında Qarabağ sözü öz yerini tutur.

Hər bir azərbaycanlı, hər bir türk insanı "Qarabağ" klubunun yanında olmalı, ona öz dəstəyini göstərməlidir.

Uğurlar, "Qarabağ", Uğurlar, Azərbaycan Futbolu!!!