Miqrantlara bəd xəbər: Cərimələrin miqdarı artırıldı

9 Avqust 2013 09:30 (UTC+04:00)
Rusiyada olma və əmək fəaliyyəti qaydalarını pozan miqrantlara qarşı tətbiq edilən cərimələr avqustun 9-dan etibarən Moskva, Peterburq şəhərlərində və həmçinin Moskva və Leninqrad vilayətlərində artırılaraq 7 min rubl təşkil edəcək. "RİA Novosti"nin verdiyi xəbərə görə, müvafiq qanunu Dövlət Duması ötən həftə üçüncü yekun oxunuşda qəbul edib. Qanun Rusiya prezidenti Vladimir Putin tərəfindən təsdiqlənib.

Qanuna əsasən, əgər xarici vətəndaş qeyd olunan bölgələrdə miqrasiya qanunvericiliyini pozarsa, o, 7 rubl məbləğində cərimələnərək, ölkədən inzibati qaydada çıxarılacaq.

Rusiyanın digər bölgələrində qeyd olunan qaydalar pozulduqda, miqrantlar, barələrində 5 min rubl cərimə tətbiq edilməklə, ölkədən çıxarılacaq.

Qeyd edək ki, əvvəlki qanuna görə, ölkəyə giriş və əmək fəaliyyəti ilə məşğul olma qaydalarını pozan miqrantlar ya cərimə olunurdular, yaxud da ki, ölkədən çıxarılırdılar.

AzNews.az