Azad olunmuş ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb - Dövlət Komissiyası

24 Fevral 2024 14:14 (UTC+04:00)

İşğaldan azad olunmuş ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb.

Aznews.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Xocalı itkilərinin naməlum taleyindən bəhs edən "13" adlı bədii-sənədli filmin təqdimatında deyib.

O bildirib ki, torpaqlarımız işğaldan azad olunandan sonra Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur.

"Belə müraciətlərdən sonra Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 196 nəfərdir. İşğaldan azad olunmuş ərazilərdə fevralın 23-də 13-cü kütləvi məzarlıq aşkarlanıb. Sonuncu itkini aşkar edənə qədər çalışacağıq. Bütün itkinlərimizin taleyi aydınlaşacaq", - o bildirib.

Qeyd edək ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması barədə fevralın 21-də Xocalı rayon prokurorluğuna məlumat daxil olub məlumat daxil olub.

Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.

Xatırladaq ki, fevralın əvvəlində Xocalı rayonunun Əsgəran qəsəbəsində kütləvi məzarlıq aşkar olunub. Bundan əvvəl isə, ötən ilin avqust ayında Şuşada, iyun ayında Şuşa şəhərində Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib. İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.