Seçkilərdə pulsuz təşviqat aparılacaq KİV- lər - Siyahı

9 Avqust 2013 10:31 (UTC+04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində seçkiqabağı təşviqat aparmaq üçün ödənişsiz yer ayrılacaq kütləvi informasiya vasitələrinin (KİV) adını açıqlayıb.

MSK-nın mətbuat xidmətindən AzNews.az- a verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan", "Xalq qəzeti", "Respublika" və "Bakinski raboçi" qəzetləri prezident seçkilərində seçkiqabağı təşviqat aparmaq məqsədilə prezidentliyə qeydə alınan namizədlərə ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq.

Məlumatda o da qeyd olunub ki, yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı, yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə MSK-ya müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidir.

Seçkiqabağı təşviqat subyektləri müəyyənləşdirildikdən sonra bu məlumat qanunla müəyyən edilən qaydada onlara da göndərilməlidir.

AzNews.az