Azərbaycanlı fəallar aclıq aksiyasını dayandırdılar

9 Avqust 2013 11:55 (UTC+04:00)
Bu gün Yeni GAMOH təşkilatının üzvləri iyulun 13-dən etibarən Təbriz şəhərinin mərkəzi həbsxanasında başladıqları aclıq aksiyasını müvəqqəti dayandırıblar.

APA-nın HRAZ-a istinadən məlumatına görə, bununla bağlı azərbaycanlı fəallar Kərəcin Rəcayişəhr həbsxanasından göndərdikləri məktubda bildiriblər. Məktubda deyilir: "Azərbaycan türklərinin təbii və milli hüquqları uğrunda açıq və mədəni şəkildə çalışdığımız üçün uzunmüddətli həbs cəzasına məhkum olmuşuq. Bu ədalətsiz, qanunsuz və siyasi məhkəmə qərarına etiraz olaraq müstəqil və açıq məhkəmədə Azərbaycan türklərinin haqq istəklərini və öz qanuni çalışmalarımızı müdafiə etmək tələbi ilə bu günə qədər aclıq aksiyasındayıq. Ancaq bu haqq və qanuni istəyimizə İran Məhkəmə Sistemi tərəfindən cavab verilmədən Təbrizdən Kərəc şəhərinin Rəcayişəhr həbsxanasına sürgün edildik.

Aksiyanı sonadək davam etdirmək qərarımıza baxmayaraq, son günlər ölkə daxilindən və xaricindən xeyli sayda müraciət aldıq. Ona görə də hələlik müvəqqəti olaraq Ramazan bayramı günündə aclıq aksiyasını dayandırırıq. Ancaq hər şey məhkəmənin son qərarından asılıdır. Səsimizə səs verib, bizim demokrat və humanist düşüncələrimizi dünyaya çatdırmağınız, sizdən gələn dəstək yolumuza olan inancımızı daha da artırıb. Birlikdə irqçilik və ayrı-seçkilikdən uzaq demokratik bir toplum yaratmağı bacara biləcəyimizə inanırıq. Yolumuz haqdır, qələbə bizimlədir!"

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində, Behbud Quluzadəni isə fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib.

L. Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvüdür.

Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Azərbaycanlı fəallar isə barələrində çıxarılmış hökmü ədalətsiz hesab edərək aclıq aksiyası keçirirlər. Ancaq onların tələbləri yerinə yetirilməyib, əvəzində iyulun 20-də yerləri dəyişdirilib. Azərbaycanlı fəallar 27 gündür aclıq aksiyası keçirirdilər.

AzNews.az