Müharibədən qaçıb meşəyə gizlənən ata- oğul tapıldı - 40 il sonra

9 Avqust 2013 17:25 (UTC+04:00)
Onlar 40 il əvvəl, müharibə zamanı ölümdən qurtulmaq üçün cəngəlliyə qaçıblar.

82 yaşlı Ho Van Thanın arvadı və iki övladını amerikalı hərbçilər öldürəndə o, yaralı olsa da, oğlu Ho Van Lanqı qucağına alaraq qaça bilib.

O gündən bəri ata və oğlu cəngəllikdə gizləniblər.

Onlar müharibənin çoxdan başa çatdığını bilməyiblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 82 yaşlı Ho Van Than 40 il əvvəl, 1963-cü ildə evinə bomba düşəndə yaralanıb.

Vyetnamda müharibə aparan ABŞ silahlı qüvvələrinin bombardmançı təyyarəsi Thanın yaşadığı Tra Kem kəndini bombalayıb. Bombalardan biri Thanın evinə düşüb.

Onun arvadı və iki övladı həlak olublar. Yaralı Than kiçik oğlunu götürərək qaçıb.

Həmin gündən bəri Than və oğlu cəngəllikdə yaşayıblar.

Vyetnamın Kuanqnqay vilayətindəki Tau Tra kəndinin bir neçə sakini odun dalınca meşəyə yollananda qoca ata ilə onun oğlunu görüblər.

82 yaşlı Ho Van Than ağır xəstə idi, güclə nəfəs alırdı.

Onun 41 yaşlı oğlu Ho Van Lanq isə danışa bilmir. Təəccüblü deyil, axı Ho 1 yaşında olanda kənddən aparılmışdı və 40 il ərzində yalnız atasını gördüyündən, dilini belə unudub.

Vyetnamın milli televiziyasının süjetində bildirilir ki, ata və oğlu yerdən 5 metr hündürlükdə, ağac budaqlarında hazırlanmış komada yaşayıblar.

Onlar meşədə topladıqları meyvə və manioka, habelə ağaclarla kolluqları təmizləyib hazırladıqları kiçik tarlada əkdikləri qarğıdalı ilə qidalanıblar.

Ata və oğul ağac qabığından hazırladıqları "paltar"larda gəziblər.

82 yaşlı ata yerli "kor" tayfasının dilində bir qədər danışa bilsə də, onun 41 yaşlı oğlu cəmi bir neçə kəlmə bilirdi.

Vyetnamda 1955-ci ildə başlanmış müharibə 20 il davam edib və ölkənin cənubundakı Sayqonda olan rejimin süqutu ilə başa çatıb.


AzNews.az