Prezidentliyə namizəd Marneuliyə səfər etdi - FOTO

9 Avqust 2013 18:35 (UTC+04:00)
Mixail Saakaşvilinin liderlik etdiyi Vahid Milli Hərəkat Partiyasından Gürcüstan prezidentliyinə namizəd David Bakradze azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərinə səfər edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, D. Bakradze əhali qarşısında çıxış edərək öncə hamını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, insanlara sülh, əmin-amanlıq, xoşbəxtlik , çiçəklənmə, sağlamlıq arzulayıb: "Mən ümidvaram ki, biz yenə hakimiyyətə qayıdacağıq. Çünki, bu normal həyatdır, insanlar gəlir və gedirlər. Hər şey yenə davam edir və ən başlıcası odur ki, mənim bu regiona, burada yaşayan əhaliyə böyük hörmətim var. Bu region kənd təsərrüfatı məhsulları əkib-becərən qabaqcıl regionlardan biridir. İstər müxalifətdə olaq, istərsə də hakimiyyətdə, bunun heç bir əhəmiyyəti yoxdur. Marneuli mənim üçün həmişə vacib və sevimli rayon olub".

D. Bakradze Marneuliyə səfərinin siyasi təbliğat olmadığını və hələlik seçkiqabağı görüşlər keçirmədiyini bildirib: "Mən seçkilərlə əlaqədar gəlməmişəm və heç vaxt sizdən xahiş etməmişəm ki, məni təbliğ edin. Mən sadəcə olaraq, sizin əlinizi sıxmaq və Ramazan bayramı münasibətilə sizləri təbrik etməyə gəlmişəm".

Tədbirdə iştirak edən Gürcüstan parlamentinin deputatı Azər Süleymanov qeyd edib ki, bu bölgədə iqtidar-müxalifət söhbəti yoxdur və hamı eyni ölkənin övladlarıdır: "Ölkədə gedən seçim prosesləri normaldır. Bu gün biri seçilir, sabah digəri seçiləcək".

Sonra söhbət çay süfrəsi arxasında davam edib.


AzNews.az