Göyçayda 1 yaşlı Hüseyn qan ağlayır - FOTOLAR

10 Avqust 2013 07:03 (UTC+04:00)
Göyçayda azyaşlı uşağın üzləşdiyi qeyri-adi vəziyyət hamını heyrətə gətirir.


Lent.az-ın məlumatına görə, rayonun Xəlitli kənd sakini, 2012-ci il təvəllüdlü Abdullayev Hüseyn Rövşən oğlu yatandan beş dəqiqə sonra onun gözlərindən, qulağından və burnundan qan axır, sifəti qandan görünməz hala düşür. Bu hal, uşaq yalnız yuxuda olan zaman baş verir. Uşaq çoxlu qan itirsə də onun səhhətində heç bir problem yaranmır. O, yuxudan ayılan kimi qan kəsilir. Hüseyn çox sağlam və qıvraq uşaqdır, öz istedadı və maraqlı hərəkətləri ilə yaşıdlarından tam fərqlənir. Uşağın atası Göyçayın Xəlitli kəndində anadan olub, anası isə Xocalı sakinidir.

Balaca Hüseynin səhhətində baş verən bu qeyri-adi halın məhz Göyçay ərazisində baş verməsi görənləri və eşidənləri təəccübləndirir. Bu səbəbdən də uşağın doğulduğu rayonda və kənddə yaşaması müşkülə çevrilib. Valideynləri dəfələrlə uşağı Göyçaydan başqa rayonlara aparıblar. Hüseyn orada yatarkən onun gözlərindən qan gəlməyib.

Balaca Hüseynin üzləşdiyi problem 6 aydır davam edir. O, anadan olandan 8 ay sonra bu möcüzəvi halla rastlaşıb. Bu səbəbdən də uşaq və onun valideynləri Göyçaydan kənarda, Gəncə şəhərində kirayə ev tutaraq yaşamalı olurlar. Vaxtaşırı olaraq doğulduğu Xəlitli kəndinə gələn Hüseynin yatarkən gözlərindən qan axması hamını çarəsiz qoyub. Hüseynin müqəddəs Ramazan bayramı ilə əlaqədar ata yurduna gəlişi də, necə deyərlər, qanla nəticələnib. O, cəmi 5 saat ata-babasının evində qala bilib və valideynləri onu 4 dəfə yatızdırmağa cəhd ediblər. Hər dəfə yuxuya gedən balaca Hüseyn qana batdığı üçün onu dərhal Gəncəyə aparmalı olublar.

Bu möcüzə qarşısında həkimlər də aciz qalıb. Bakıda yerli və xarici həkimlər tərəfindən dəfələrlə müayinə edilən Hüseynin dərdinə əlac tapılmır. Həkimlər uşağın yatarkən gözlərindən qanın axmasını heç bir xəstəliklə əlaqələndirmirlər. Aparılan analizlərin nəticəsinə görə, uşaq tam sağlamdır. Uşağın valideynləri tanınmış tibb mütəxəssislərinə müraciət edərək, onun probleminin həll olunmasına köməklik etmələrini istəyirlər.

Bəzi mütəxəssislər bu uşağın tibbi sarıdan probleminin olmadığını, onun ilahi vergili bir bəndə olduğunu bildirirlər.

AzNews.az