Qəbələdə keçiriləcək Sammitin proqramı açıqlandı

10 Avqust 2013 12:10 (UTC+04:00)
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (TÖƏŞ) Azərbaycanda keçiriləcək III Sammitinin proqramı açıqlanıb.


Təşkilatın saytında bildirilir ki, nəqliyyat və gömrük prosedurunun sadələşdirilməsi məsələləri Qəbələdə keçiriləcək Sammitin əsas mövzusu olacaq.

Sammit ərəfəsində, avqustun 14-də TÖƏŞ ölkələri Xarici İşlər nazirliklərinin yüksək vəzifəli şəxslərinin, avqustun 15-də isə xarici işlər nazirlərinin görüşü olacaq.

Sammit avqustun 16-da keçiriləcək.

Katiblikdən bildirilib ki, ötən il ərazində türkdilli ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi məqsədilə 20-dən çox görüş keçirilib.

4 ölkədən 15 universitetin daxil olduğu Türk Universitetləri Şurasının yaradılması barədə qərar qəbul edilib, ümumi türk terminologiyasının, o cümlədən türk lüğəti və toponimlər atlasının hazırlanması ilə bağlı Terminologiya üzrə Komitənin toplantısı olub.

TÖƏŞ ölkələri nəqliyyat nazirləri nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə protokol imzalayıblar, tərəflər həmçinin nazir müavinləri səviyyəsində Koordinasiya Şurasının yaradılması barədə razılığa gəliblər.

Bundan başqa, gömrük əməkdaşlığı üzrə işçi qrupu hazırda "Bir pəncərə" təcrübəsi əsasında TÖƏŞ ölkələri arasında gömrük prosedurunun sadələşməsi üzərində iş aparır.

Bütün bu qərarlar təsdiq üçün Qəbələ sammitində TÖƏŞ dövlət başçılarına təqdim olunacaq.

Qeyd edək ki, TÖƏŞ 2009-cu ildə yaradılıb. Şuraya Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir.

AzNews.az