Siyasi məhbuslar Barak Obamaya açıq məktub yazdılar

10 Avqust 2013 12:30 (UTC+04:00)
İranın 50-dən çox siyasi məhbusu ABŞ prezidenti Barak Obamaya açıq məktub yazıb.


APA-nın "Radiofərda"ya istinadən məlumatına görə, məktubda İrana qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması istənilir. Eyni zamanda məktub müəllifləri B. Obamanı Həsən Ruhaninin prezidentliyi dövrünün ABŞ və İran arasında problemləri həll etmək üçün son şans kimi qiymətləndirərək, bu müddəti yaxşı dəyərləndirməyə çağırıblar.

Məktubda İranla ABŞ arasında yeni səhifə açılmasının zamanının gəldiyi və qarşılıqlı anlayışa söykənən yeni dövrə ehtiyac duyulduğu ifadə edilir. Məktub müəllifləri H. Ruhanini dialoqa sonuna qədər inanan, keçmişdə nüvə danışıqlarını aparmış, təmiz avtobioqrafiyaya malik siyasətçi kimi xarakterizə edirlər. Bundan başqa, onlar iqtisadi sanksiyalara son qoyulmasını istəyirlər, hesab edirlər ki, bu cəzalandırma metodu İran xalqına qarşı yönəlib.

Məktubu imzalayanlar arasında İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaninin qızı, qadın haqları müdafiəçisi Faizə Haşimi, islahatçı siyasətçi Möhsün Eminzadə və digər tanınmış ictimai-siyasi xadimlər var.

AzNews.az