Ayətullah Xamneyinin son əfv fərmanı narazılığa səbəb oldu

10 Avqust 2013 16:55 (UTC+04:00)
İran Üləmalar Məclisinin üzvü, müxalif Ayətullah Seyid Məhəmmədəli Dəstqeyb ölkədəki siyasi məhbusların azadlığa buraxılmasını istəyib.

APA-nın "Öyrənci səsi"nə istinadən məlumatına görə, Ayətullah Dəstqeyb bildirib ki, ölkədə vəzifə sahibi olmasalar da, ancaq sözləri keçən bəzi şəxslər var: "Nə üçün bu insanlar irəli çıxaraq Mirhüseyn Musəvi, Mehdi Kərrubi və digər siyasi məhbusların azadlığa buraxılması üçün bir iş görmürlər".

Müxalif Ayətullah İranın ali dini rəhbəri, Ayətullah Seyid Əli Xamneyinin son əfv fərmanından da razı qalmayıb: "Ayətullah Xamneyinin Ramazan bayramı münasibətilə imzaladığı əfv fərmanı ilə bəzi məhbuslar azadlığa buraxılıblar. Ancaq onların içərisində heç bir siyasi məhbus yoxdur".
Qeyd edək ki, ölkə müxalifətinin liderlərindən M.Musəvi 2009-cu ildə İranda keçirilmiş prezident seçkilərindən sonra həbsə alınaraq üç ilə yaxındır ev dustaqlığında, M.Kərrubi isə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) xüsusi nəzarəti altındakı binada saxlanılır. Həmin hadisələrə görə tutulmuş digər müxalif siyasətçilər isə İranın müxtəlif həbsxanalarında cəza çəkir.

AzNews.az