İranın Dəməşqdəki konsulluq binası vuruldu, ölənlər var

1 Aprel 2024 20:47 (UTC+04:00)

İsrailin hava zərbələri nəticəsində ölənlər var.

Aznews.az xəbər verir ki, bu barədə İranın Suriyadakı səfiri Hüseyn Əkbəri bildirib

“İsrail Qolan Yüksəkliklərində F-35 qırıcılarından atılan 6 raketlə İran konsulluğunun binasını hədəfə aldı. Təxminən yeddi nəfər öldürülüb. İndi heç bir ad açıqlaya bilmərəm”, - deyə İranın Suriyadakı səfirinin açıqlamasında bildirilib.

Rəsmi olmayan məlumatlara görə isə hücumda bir neçə iranlı diplomat ölüb.

Dövlət mediası daha əvvəl bildirmişdi ki, bu gün tətil olduğu üçün binada heç bir işçi olmayıb.

Suriya Müdafiə Nazirliyi İranın Dəməşqdəki konsulluq binasının İsrailin hücumu nəticəsində dağıldığını bildirib. Qeyd edilib ki, hücum nəticəsində binada olan bütün insanlar ölüb və ya yaralanıb.