Rüstəm İbrahimbəyovun ehtiyat namizədi kimdir? - Açıqlama

12 Avqust 2013 14:08 (UTC+04:00)
Milli Şuranın bu gün axşam keçiriləcək növbəti sessiyasında qurum üzvlərinin ehtiyat namizəd seçiləcəyi gözlənilir.

Xatırladaq ki, MŞ sədri Rüstəm İbrahimbəyov sonuncu məktubunda qurum üzvlərinə müraciət edərək bildirmişdi ki, onun Rusiya vətəndaşlığı probleminin həll olunmama ehtimalını nəzərə alaraq, MŞ özünə yeni bir namizəd seçməlidir, lakin bu şəxs elə biri olmalıdır ki, qurumun monolitliyi pozulmasın.

AzNews.az-ın məlumatına görə, Müsavat Partiyasının ehtiyat namizədi böyük ölçüdə bəllidir. Bu şəxs "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev olacaq.

AXCP-nin bu barədə mövqeyi isə hələ ki tam aydın deyil. Ancaq partiya sədri Əli Kərimli Ali Məclisin son iclasındakı çıxışında MŞ-in ehtiyat namizədinin müəyyənləşdirilməsi variantı dəstəklədiklərini bildirib. Partiya Ali Məclisində ehtiyat namizədin MŞ-in sədri və vahid namizədi R.İbrahimbəyovun təklif edəcəyi biri olması variantı da səsləndirilib.

R.İbrahimbəyov isə mətbuata verdiyi sonuncu müsahibəsində özünün də bir neçə namizədi olduğunu açıqlamışdı. Bəs yaxşı, R.İbrahimbəyovun özünün namizədi kimdir? Bu şəxs doğrudan da mətbuatda iddia olunduğu kimi "El" Hərəkatının və MŞ-in icra aparatının sədri Eldar Namazovdur?

Bu barədə AzNews.az-a açıqlama verən "El" Hərəkatının və Milli Şuranın üzvü Köçəri Nağıbəyli deyib ki, "El" Hərəkatı seçkidə sona kimi Rüstəm İbrahimbəyovun namizədliyini müdafiə edəcək, ancaq əgər o, vahid namizəd olmaqdan və seçkidə iştirakdan imtina etsə, o zaman Milli Şura sədri kimi qurumun yeni namizədini də təyin etmək onun səlahiyyətindədir. K.Nağıbəylinin sözlərinə görə, yalnız bu halda Eldar Namazovun namizədliyi gündəmə gələ bilər. MŞ üzvü bildirib ki, R.İbrahimbəyovun namizədinin kimliyi avqustun 15-dən sonra bəlli olacaq. "Rüstəm müəllim ayın 15-nə qədər pasport məsələsini həll edib, ölkəyə qayıda bilməsə, böyük ehtimalla özünün namizədinin kimliyini açıqlayacaq".

Bahar Rüstəmli
AzNews.az