MSK daha bir nəfərin namizədliyini təsdiqlədi

12 Avqust 2013 14:31 (UTC+04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

APA-nın məlumatın görə, toplantıda 11 avqust 2013-cü il tarixli iclas protokolu təsdiq olunub. Sonra bəzi seçki dairələrinin hüdudlarında, dislokasiyasında və qrafik təsvirində dəyişiklik edilməsinə dair də qərar qəbul edilib. Bu barədə MSK sədrinin müavini Natiq Məmmədov danışıb.

Namizədliyinin təsdiq olunması ilə bağlı şəxsi təşəbbüsü ilə müraciət edən İlqar Əli oğlu Məmmədov (Altay) haqqında isə MSK katibi Arifə Muxtarova məlumat verib.

İclasda İlqar Məmmədovun (Altay) namizədliyinin irəli sürülməsinin təsdiq olunması haqda qərar qəbul edib.

Yığıncaqda danışan MSK sədri Məzahir Pənahov namizədlərdən imzatoplama prosesinə ciddi yanaşılmasını xahiş edib.

Qeyd edək ki, 8 prezidentliyə namizəd seçki sənədlərini MSK-ya təqdim edib. Bunlar YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından Partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından sədr Fuad Əliyev, ASDP sədri Araz Əlizadə, BAXCP sədri Qüdrət Həsənquliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadədir.

Namizədliyi irəli sürülən İ. Əliyevin, Ə. Orucun namizədliyi təsdiq olunub.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib.

Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib.

AzNews.az