Milli Şura İbrahimbəyovun namizədliyini saxladı - Sessiya başa çatdı- YENİLƏNİB

12 Avqust 2013 19:46 (UTC+04:00)


Milli Şuranın sessiyası başa çatdı. AzNews.az-ın məlumatına görə, sessiyanın yekununda KXCP sədri Mirmahmud Mirəlioğlu və Eldar Namazov jurnalistlər üçün brifinq keçirib. MŞ-in bugünkü sessiyasında avqustun 18-də mitinq keçirilməsi qərara alınıb. Aksiya ilə bağlı artıq BŞİH-ə müraciət edilib. MŞ-in növbəti sessiyasının vaxtı da dəqiqləşib. Sessiya avqustun 19-da keçiriləcək.
M.Mirəlioğlu deyib ki, MŞ sədri Rüstəm İbrahimbəyovun namizədliyini axıra qədər müdafiə edəcək. Yeni situasiya yaranacağı halda isə buna avqustun 19-dakı sessiyada baxılacaq. E.Namazov deyib ki, Rusiya prezidenti Vladimir Putinə Milli Şura adından heç bir müraciət olmayıb: "Bu məsələ Milli Şurada qərarlaşdırılmadı".
MŞ rəsmisi deyib ki, bununla belə, yaxın günlərdə Rusiya və Avropaya nəzərdə tutulan səfərlərində rus diplomatlarına R.İbrahimbəyovun vətəndaşlığı ilə bağlı məsələ ətrafında yaranan narahatlıqla əlaqədar iradlarını bildirəcək.

***
20:53
Milli Şurada ehtiyat namizəd böhranı; AXCP və Müsavat təkləndi

Milli Şuranın bu gün keçirilən sessiyasında qurumun prezident seçkilərində irəli sürəcəyi namizədi ilə bağlı məsələ dalana dirənib. AzNews.az-ın məlumatına görə, sessiyada məlum olub ki, MŞ-də təmsil olunan partiyalardan ACP, ALP, KXCP və "El" Hərəkatı ehtiyat namizəd məsələsinin əleyhinədir. Əməkdaşımızın məlumatına görə, ACP sədri Sülhəddin Əkbər sessiyada çıxış edərək deyib ki, 4 qurum razılığa gəlib və ehtiyat namizədin seçilməsinin əleyhinədirlər. MŞ-də təmsil olunan AXCP və Müsavat isə gözlənilmədən bu məsələdə ortaq mövqedən çıxış ediblər. Hər iki partiyanın rəhbəri çıxış edərək ehtiyat namizədin müəyyənləşdirilməsinin doğru olduğu barədə fikir səsləndiriblər. AXCP və Müsavat Cəmil Həsənlinin ehtiyat namizəd kimi müəyyənləşdirilməsinin tərəfdarı olduqlarını bəyanlayıblar. Sessiya davam edir. İclasın yekununda ehtiyat namizəd məsələsinin həllini tapmayacağı gözlənilir.

Anar


***
20:10
Milli Şurada ciddi fikir ayrılığı yaranıb; Razılıq əldə olunmur

Qurum 18 avqusta mtinq təyin etməyi planlayır; sessiya uzanır, İbrahimbəyova yeni müraciət ola bilər


Milli Şuranın sessiyası uzanır. Bu barədə musavat.com-a MŞ-nin sessiyasında iştirak edən siyasilərdən biri sms vasitəsi ilə məlumat yazıb. Orada qeyd olunur ki, gözlənildiyinin əksinə olaraq, Milli Şuranın sessiyasında yeni vahid namizədlə bağlı konsensusa gəlmək mümkün olmur. Yeni (yaxud ehtiyat) vahid namizəd üçün bir neçə tanınmış fiqur irəli sürülüb. Onların adları aşağıdakılardır - professorlar Rafiq Əliyev və Cəmil Həsənli, Turan agentliyinin direktoru Mehman Əliyev. Bir neçə çıxışçı ilə sabiq millət vəkili Gültəkin Hacıbəylinin namizədliyini irəli sürüb. Lakin qeyd olunan adların heç birinə dair konsesnsus əldə etmək mümkün olmayıb.


Buna görə də, Milli Şuranın sessiyasına təklif olunub ki, yeni vahid namizədlə bağlı təkliflər və müzakirələr dayandırılsın, bu məsələyə bir həftə sonra, 19 avqustda təyin olunan sessiyada baxılsın. Buna qədər isə, Milli Şuranın mitinqi təyin olunsun və bütün hazırlıqlar onun həyata keçirilməsinə yönəldilsin. Mənbəmiz yazır ki, böyük ehtimalla mitinq 18 avqusta təyin olunacaq.

Bu müddət ərzində isə Rüstəm İbrahimbəyova bir daha müraciət olunacaq ki, 17 avqusta qədər Bakıya qayıtsın, hətta Milli Şuranın 18 avqusta təyin olunan mitinqinə rəhbərlik etsin.

Sessiyadakı digər mənbədən isə belə məlumat daxil olub ki, sessiyada digər namizədlərin qurumdan kənar irəli sürülməsi də müzakirə edilir. Çıxış edənlərin əksəriyyəti isə ancaq R.İbrahimbəyovun namizədliyi üzərində dayanıb və digər namizədlərlə bağlı müzakirənin olmasını istəməyiblər. R.İbrahimbəyova sənədlərini hazırlamaq üçün bir neçə gün vaxt verilməsinin tərəfdarları da olub.


Gündəlikdə mitinqlərin, kütləvi aksiyaların keçirilməsinin müzakirəsi də var. Həmçinin Milli Şuranın komissiyalarının hesabatları olmalıdır.

Sessiya hələ davam edir. Jurnalistlər və qəzetlər sessiyadan sonrakı mətbuat üçün açıqlamaları gözləyirlər.

***
18:19

"...bu, Milli Şuranın sonu olacaq"

Milli Şuranın sessiyası gözlənildiyi kimi gərgin keçir. Şura üzvləri Rüstəm İbrahimbəyovun namizəd məsələsi ilə bağlı təklifini müzakirə edirlər.

Çıxış edən sabiq deputat Gültəkin Hacıbəyli maraqlı fikirlər səsləndirib. O, bildirib ki, bu gün sessiya vahid namizəd məsələsini həll etməlidir.

Sabiq millət vəkilinin sözlərinə görə, bugünkü iclasda bu məsələ konkret həllini tapmasa, bu Milli Şuranın sonu demək olar.

Gültəkin Hacıbəyli indiki məqamda Cəmil Həsənlinin vahid namizəd olmasının daha uyğun olduğunu dilə gətirib.


***
17:10
Milli Şuranın növbəti sessiyası başladı

Milli Şuranın növbəti sessiyası öz işinə başlayıb. Sessiya Klassik Xalq Cəbhəsi (KXCP) partiyasının qərargahında, Mirmahmud Mirəlioğlunun sədirliyi ilə keçirilir.

Mediaya qapalı keçirilən sessiyada prezident seçkisinə hazırlıq, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsi və sənədlərin MSK-ya təqdim edilməsi məsələləri müzakirə ediləcəyi gözlənilir.

Kifayət qədər gərgin keşirilməsi gözləniləm qapalı görüşdən sonra media nümayəndələri üçün brifinq keçiriləcək.

Anar