Goranboyda avtomobil aşdı, ölən var

12 Avqust 2013 15:43 (UTC+04:00)
Bakı Qazax magistral yolunun 340-cı kilometrliyində ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Tədqiqat bölməsinin baş tədqiqatçısı Mübariz Quliyevin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında, Goranboy rayonunun Dəliməmmədli qəsəbəsi ərazisində baş verib.

Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Rza Nadirov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Hadisə zamanı maşında olan sərnişin, 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Ləman Həsənova dünyasını dəyişib.

Sürücü və digər sərnişin, 28 yaşlı Xatirə Mehdiyeva müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, hadisəyə sürücünün sükan arxasında yuxuya getməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az