“Azərbaycanı Dubayla müqayisə etmək daha yaxşı olardı”

13 Avqust 2013 09:49 (UTC+04:00)
"Azərbaycan millisinin oyunlarını görmüşəm. Deməliyəm ki, yığmanız oynamaq üçün maraqlı komandadı".

Bu fikirləri Malta yığmasının kapitanı Mihael Mifsud deyib.

Azərbaycanla yoldaşlıq görüşü keçirmək üçün Bakıya gələn Malta millisinin lideri mətbuat üçün açıq məşq öncəsi azərbaycanlı jurnalistlərin qarşısına çıxıb.

Apasport.az-ın suallarını cavablandıran hücumçu millimizin matçlarının yetərincə maraqlı keçdiyini bildirib: "Bakını, meydançanı bəyənirəm. Sabahkı oyun barədə çox yaxşı fikirdəyəm. Düşünürəm ki, maraqlı görüş olacaq".

İyunda rəsmi oyunlar çərçivəsində Ermənistan yığmasına İrəvanda 1:0 hesabı ilə qalib gələn maltalılar bununla daha çox diqqət mərkəzinə düşüblər.

Mifsuddan Azərbaycan və Ermənistanı, eləcə də bu ölkələrin futbolunu müqayisə etməsini istədik: "Burdakı şəraitdən, qaldığımız yerdən çox razıyam. Biz şəhərin mərkəzində məskunlaşmışıq. Azərbaycanı Ermənistanla yox, Dubayla müqayisə etmək daha yaxşı olardı".

Qeyd edək ki, Azərbaycan – Malta oyunu saat 21:00-da başlayacaq.

AzNews.az