“İlham Əliyev heç bir güc qarşısında geri çəkilməyib” – Müsahibə

13 Avqust 2013 13:37 (UTC+04:00)
Mübariz Qurbanlı: "Rusiya rəhbərliyinin işi-gücü qurtarıb..."

Yeni Azərbaycan Partiyasının İcra Aparatının sədr müavini, deputat Mübariz Qurbanlının AzNews.az-a müsahibəsi.

- Mübariz müəllim, bəzi ekspertlər Rusiya prezidentinin Azərbaycana bugünkü səfərini Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluq dövrünün sonu kimi qiymətləndirirlər. Rusiya ilə münasibətlərdə hansısa soyuqluq vardımı?

- Mən Rusiya-Azərbaycan münasibətlərində hansısa soyuqluğun olması fikri ilə razı deyiləm. İki ölkənin münasibətləri normal məcrada inkişaf edir. Bütün məsələlərdə də imzalanmış müqavilə öhdəliklərinə də hər iki ölkə əməl edir. Azərbaycan-Rusiya münasibətlərində hansı soyuqluqdan danışırlar ki, Rusiyanın sabiq prezidenti Dmitri Medvedyev dəfələrlə Azərbaycanda səfərdə olub, bu ölkənin hazırkı prezidenti Vladimir Putin də müxtəlif dövrlərdə Azərbaycan prezidenti ilə telefon danışıqları aparıb, ayrı-ayrı məsələlərlə bağlı məsləhətləşmələr həyata keçirib.

Eyni zamanda da həm Rusiyanın, həm də Azərbaycanın yüksək rütbəli məmurları qarşılıqlı səfərlərdə olublar. Bu halda iki ölkənin münasibətlərində hansı soyuqlaşmadan danışmaq olar? Putinin də bu səfəri iki dövlət arasındakı münasibətlərin inkişafına xidmət edən səfərdir. Azərbaycanın Ermənistan istisna olmaqla, bütün ölkələrlə çox normal münasibətləri var.

Bizim eyni zamanda strateji əməkdaşlıq qurduğumuz ölkələr var. Bunu dəfələrlə demişik ki, Azərbaycan müxalifətini nə Qərbdə, nə Şərqdə heç kim dövlət səviyyəsində müdafiə edə bilməz. Ancaq xaricdə bəzi dairələr, qruplar ola bilər ki, hansısa merkantil maraqlar naminə Azərbaycandakı müxalifətlə iş qursun, ona dəstək versin. Bu cür hallar ola bilər. Amma dövlət, misalçün, ABŞ, Rusiya, İran və ya Türkiyə hökumətləri səviyyəsində bizim ölkəmizdə siyasi fəaliyyətlə məşğul olan radikal qanada hər hansı formada dəstək verilməsi mümkün deyil. Bizim açıqlamalarımızda da bu məsələ "müəyyən dairələr"in dəstək verəcəyindən bəhs edilib.

Partiyamızın funksionerləri ancaq bu cür terminlərdən istifadə edə bilər. Çünki hökumətlər arasındakı münasibətlər daxili işlər qarışmamağı nəzərdə tutur. Ancaq kimsə hansısa ölkədə Azərbaycan hökuməti əleyhinə açıqlama verirsə, biz bunu həmin dövlətə bağlaya bilmərik. Dövlətin mövqeyini açıqlayan bir sıra rəsmi qurumlar və şəxslər var ki, bizim üçün onların rəyi daha vacibdir. Ona görə də bir daha təkrarlayıram, nə Rüstəm İbrahiməyova, nə də onun ətrafındakı radikal qanada hansısa dövlətin dəstək verdiyini ehtimal etmirik.

- Putinin Azərbaycana hərbi gəmilərlə səfər etməsi birmənalı şərh edilmir. Bu məqamı siz necə qiymətləndirirsiniz?

- Bu səfər dostluq səfəridir. Vaxtilə Rusiya gəmiləri Amerika və Avropanın da limanlarına daxil olub. Yaxud da ABŞ-ın hərbi gəmiləri hələ sovet dövründə Qara dənizə daxil olub. Türkiyənin gəmiləri Rusiya, Rusiyanın gəmiləri də Türkiyənin limanlarına daxil olub. Bu cür hadisələr dənizçilikdə və hərbi dəniz donanmaları arasındakı əlaqələrdə normal bir prosesdir. Bu məsələni kimin necə şərh etməyi isə artıq subyektiv fikirlərdir.

- Ancaq bu məsələni rəsmi Kremlin Azərbaycana güc nümayişi kimi şərh edənlər də var.

- Bir daha qeyd edirəm, hərbi gəmilərin dostluq münasibətləri çərçivəsində hansısa ölkənin limanlarına daxil olması ilə bağlı onlarla fakt var. Rusiyanın isə Azərbaycana güc nümayiş etdirməsi və ya bu cür terminlərdən istifadə olunması doğru deyil. Bizim Rusiya ilə hərbi səviyyədə üz-üzə gəlməyimiz ehtimalı yoxdur və yanaşma doğru deyil. Rusiya bizə niyə güc göstərməlidir ki? Bizim Rusiya ilə heç bir problemimiz yoxdur. Rusiyanın da bizə güc nümayiş etdirməyə ehtiyac yoxdur. Güc nümayiş etdirmək termininin burada istifadə olunmasını doğru hesab etmirəm.

- Mübariz müəllim, Putinin səfərinin həm də Azərbaycanın Avrasiya İttifaqına daxil olması və Qəbələ RLS-də Rusiyaya güzəştlər etməsi ilə bağlı tələblərlə əlaqəli olduğu iddia edilir.

- Prezident İlham Əliyev Azərbaycanın heç zaman və heç bir güc qarşında Azərbaycanın milli maraqlarından geri çəkilməyib. Bizim Avrasiya İttifaqı ilə bağlı konseptual baxışlarımız dövlət başçısı tərəfindən vaxtilə açıqlanıb.

O ki qaldı səfər zamanı imzalanacaq müqavilələrə, bunlar səfərin yekununda aydın olacaq və hər kəsə açıqlanacaq. Bütün müqavilələrdə qarşılıqlı maraqlar öz əksini tapacaq. Azərbaycan prezidenti cənab İlham Əliyev dövlətin milli maraqlarına xələl gətirəcək heç bir müqaviləyə imza atmayıb və heç zaman da atmaz. Prezidentimizin yeritdiyi siyasətdə Azərbaycan maraqları öndə dayanır. Putinin ölkəmizdə səfəri ilə bağlı bəzi şəxslərin dırnaqarası politoloji şərhləri də özünü doğrultmayacaq.

- Rusiya prezidentinin səfərindən bir gün öncə mətbuatda yayılan bir məqalədə Rusiya PA rəhbərinin müavini səviyyəsində Azərbaycanda dövlət çevrilişi hazırlandığı və bu işə 20 milyon dollar pul ayrıldığı, həmin pulların Eldar Namazova verildiyi iddia edildi. Siz bu iddiaları nə dərəcədə əsaslı hesab edirsiniz?

- Bu cür araşdırmalar müəyyən digər araşdırmaları da zəruri edir. Orada adı çəkilən şəxs Rusiyada sadəcə bir məmurdur. O yazı da müəllifin yazısıdı və müəyyən araşdırmaların nəticəsidir. Ancaq mən yenə də deyirəm ki, Rusiya prezidenti səviyyəsində Azərbaycan hakimiyyətinə qarşı hansısa qərəzli planın olması gözlənilmir, belə bir planın olduğunu da düşünmürəm. Ola bilsin, Putinin ayrı-ayrı qurumlarında bu cür düşünən adamlar olsun, ancaq bu o demək deyil ki, dövlətin siyasəti belədir.

- Putinin bu səfərinin Milli Şura sədri Rüstəm İbrahimbəyovun ikinci vətəndaşlığının da ləğv edilməsi ilə bağlı məsələnin böyük ölçüdə aydınlıq tapacağı bildirilir. Səfərin nəticəsindən asılı olaraq, Putinin İbrahimbəyovun vətəndaşlıq problemini həll edib-etməyəcəyi barədə müxalifətdə də gözləntilər var...

- Mən bu söhbətlərə gülməkdən başqa heç bir reaksiya verə bilmərəm. Prezidentlərin səfərləri əvvəlcədən müəyyənləşdirilir, burada imzalanacaq müqavilələr əvvəlcədən dəqiqləşdirilir. Bu baxımdan, səfərin yekun nəticəsi əsasında nəyinsə dəyişəcəyinə ehtimal yoxdur. Bu barədə hansısa ehtimal irəli sürən şəxslər dövlətlərarası münasibətlərdən, diplomatiyadan bixəbər adamlardır.

Ümumiyyətlə, mən hesab edirəm ki, Rusiyanın siyasi gündəmində Rüstəm İbrahimbəyovun pasport məsələsi ola bilməz. Rusiya rəhbərliyinin işi-gücü qurtarıb ki, Rüstəm İbrahimbəyovun pasport məsələsini düşünsün? Rüstəm İbrahimbəyovun üzünə qapılar açıqdır. Buyursun, gəlsin, sənədlərini qanun çərçivəsində MSK-ya təqdim etsin, seçkilərdə iştirak etsin. Rüstəm İbrahimbəyovun və onun ətrafında olanların Rusiya kartından istifadə cəhdi iflasa uğrayıb. Onların bu cür imitasiyası və illiuziyası puça çıxıb. Ona görə də Vladimir Putinin səfərinin Rüstəm İbrahimbəyovun pasport məsələsinə bağlanması dünyada ən primitiv yanaşma olardı.

Anar Gəraylı
AzNews.az