Bakıda sürücü polisə atəş açdı

13 Avqust 2013 16:03 (UTC+04:00)
Bakıda silahlı insident baş verib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

Oğuz rayon sakini, 1978-ci il təvəllüdlü Nadir Yəhyayev idarə etdiyi "VAZ-2106" markalı avtomobili yol kənarındakı dirəyə çırpıb. Bu barədə polisə məlumat daxil olub və hadisə şahidləri əraziyə polis çağırıblar. N. Yəhyayev hadisə yerinə polis əməkdaşlarının gələcəyindən ehtiyatlanaraq maşında olan "Vinçester" markalı silahı gizlətmək üçün ərazidən uzaqlaşıb.

Polis N. Yəhyayevin idarə etdiyi avtomobilin izinə düşərək ondan maşını saxlamağı tələb ediblər. Lakin sürücü polisin tələbinə məhəl qoymayaraq avtomobilində olan silahdan havaya atəş açıb. Həyata keçirilən tədbirlər nəticəsində N. Yəhyayev tərksilah edilib və saxlanılıb.

Polisdən həmçinin bildirilib ki, N. Yəhyayev Bakı kəndlərində bağbanlıqla məşğul olur.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

AzNews.az