İlham Əliyev: “Biz bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyirik“

13 Avqust 2013 21:46 (UTC+04:00)
Dağlıq Qarabağ probleminin həlli tarixi ədalətə, beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına və qətnamələrinə əsaslanmalıdır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin tənzimlənməsi məsələlərində mühüm rol oynayır. Münaqişənin tezliklə tənzimlənməsi regionda sabitliyə, müəyyənliyə və əməkdaşlığa gətirib çıxarar. Trend-in məlumatına görə, bunu avqustun 13-də Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı deyib ki, işğal altında olan ərazi mahiyyət etibarilə həyat üçün yararsızdır: "Bu gün biz regional problemləri də, ilk növbədə, regional təhlükəsizlik məsələlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri də müzakirə etdik.Bildiyiniz kimi, Azərbaycan torpaqlarının işğalı 20 ildən çoxdur ki, davam edir. Dağıdıla biləcək nə varsa hamısı dağıdılmışdır. Ərazimizin 20 faizi işğal edilmişdir. Beynəlxalq təşkilatların qətnamələri yerinə yetirilmir. BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin bizim ərazidən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, onlar kağız üzərində qalır. Ona görə də bu məsələnin tezliklə həll edilməsi regionun bütün ölkələrinin maraqlarına uyğundur".

Prezident bildirib ki, bugünkü səfər Azərbaycan və Rusiya münasibətlərinin nə dərəcədə dinamik, uğurlu inkişaf etdiyini, ölkələrimizin və xalqlarımızın amallarına nə dərəcədə uyğun olduğunu bir daha nümayiş etdirir: "Səfər çərçivəsində biz münasibətlərimizin çox geniş gündəliyini nəzərdən keçirdik, qarşılıqlı maraq doğuran bütün məsələləri müzakirə etdik və münasibətlərimizin gələcək inkişaf yollarını qeyd etdik.

Rusiya ilə Azərbaycan arasında münasibətlər dostluğa, mehriban qonşuluğa, xalqlarımızın tarixinə, onların ortaq taleyinə, bu gün isə həm də qarşılıqlı maraqlara, möhkəm bazaya əsaslanır.Siyasi sahədə münasibətlərimizin necə inkişaf etməsindən çox razıyıq. Biz beynəlxalq təşkilatlarda dostlar, tərəfdaşlar kimi əməkdaşlıq edirik. Bu gün bu məsələyə xüsusi diqqət yetirildi. Biz bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyirik və gələcəkdə də beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək siyasətini davam etdirəcəyik".

İlham Əliyev qeyd edib ki, iki ölkə arasında əmtəə dövriyyəsinin artmasını böyük məmnunluqla qeyd etdik: "Dünyada iqtisadi və maliyyə böhranının davam etdiyi şəraitdə bu, xüsusilə xoşdur. Əmtəə dövriyyəsinin strukturu çox müsbətdir. Hərbi-texniki sahədə fəal əməkdaşlıq müşahidə olunur. Mətbuatda hərbi-texniki əməkdaşlığın həcmi barədə vaxtaşırı verilən məlumatlar heç də həmişə reallığı əks etdirmir".

Dövlət başçısının sözlərinə görə, bu gün Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın həcmi 4 milyard dollarla ölçülür və bu göstərici artmaqdadır: "Əminəm ki, gələcəkdə bu əməkdaşlıq fəal şəkildə davam edəcəkdir. Azərbaycan artıq haqlı olaraq dünyada ən yaxşı texnikadan biri sayılan Rusiya texnikasının alıcıları olan aparıcı ölkələr sırasına daxildir.

Bu gün biz enerji təhlükəsizliyi ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Ölkələrimiz bu istiqamətdə elektroenergetika sahəsində çox fəal əməkdaşlıq edir. Neft-qaz əməliyyatları sahəsində mühüm sazişlər imzalanmışdır. Bu gün imzalanmış sazişlər Rusiyanın və Azərbaycanın dövlət strukturları arasında neft-qaz sahəsində əməkdaşlığın yeni səhifəsidir. Əminəm ki, bu əməkdaşlıq çox uğurlu və səmərəli olacaqdır.
Ölkələrimiz enerji resurslarının istehsalçıları və ixracatçılarıdır. Təbii ki, maraqlarımız üst-üstə düşür. Güman edirəm ki, regional energetika problemləri çərçivəsində çox şey bizim fəal qarşılıqlı əlaqələrimizdən, səylərimizi əlaqələndirməyimizdən asılı olacaqdır. Biz qəti surətdə əməkdaşlıq, iqtisadi və siyasi inkişafın bu mühüm istiqamətində Rusiya ilə qarşılıqlı əlaqələri möhkəmləndirmək əzmindəyik.
Bu gün nəqliyyat infrastrukturu barədə də saziş imzalandı. Bu istiqamətdə də fəal əməkdaşlıq edirik".

Prezident hesab edir ki, humanitar sahədə Rusiya ilə Azərbaycan arasında münasibətlər nümunə ola bilər: "Bir daha, mətbuatın qarşısında yanında bizim nə barədə danışdığımızı qeyd etməliyəm: Azərbaycanda tədrisin rus dilində həyata keçirildiyi 335 məktəb vardır. Bu məktəblərin 15-də tədris sırf rus dilindədir, bizim 27 universitetdə rus dilində tədris aparılır.

Tədrisin rus dilində olduğu orta, orta ixtisas və ali məktəblərdə təhsil alanların sayı 100 min nəfərdən çoxdur. Bu, bizim rus dilinə, rus mədəniyyətinə, rus ədəbiyyatına münasibətimizin mühüm göstəricisidir. Azərbaycanda keçmişin bütün müsbət ənənələri qayğı ilə qorunub saxlanılır. Əlbəttə, münasibətlərimizin bugünkü dinamik inkişafı humanitar sahədə yaxşı nəticələrə şərait yaradır. Humanitar sahədə əməkdaşlıq çox güman ki, bizim münasibətlərimizin - dostluq, mehriban qonşuluq, qarşılıqlı maraqlara, hörmətə, etimada söykənən, proqnozlaşdırıla bilən və sabit münasibətlərin əsasıdır.

Əlbəttə, Rusiya Prezidentinin Azərbaycana səfəri ilk növbədə, bizim münasibətlərimizin yüksək səviyyədə olmasına dəlalət edir və eyni zamanda, ölkələrimiz arasında hərtərəfli münasibətlərin gələcək inkişafına güclü təkan verir".

AzNews.az