Deputat qadın girov götürüldü

14 Avqust 2013 07:23 (UTC+04:00)
Əfqanıstanın paytaxtı Kabilin cənubunda səyahət edən qadın deputat uşaqları ilə birlikdə taliblər tərəfindən girov götürülüb.

APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, hadisədən bir müddət sonra Faribə Əhmədi Kakarın övladlarını xüsusi əməliyyat nəticəsində azad etmək mümkün olub. Əməliyyat yerli təhlükəsizlik qüvvələri və NATO-nun birləşmələri tərəfindən birgə həyata keçirilib. Lakin deputat qadını hələlik azad etmək mümkün olmayıb.

Faribə Əhmədi Kakar taliblər tərəfindən girov götürülmüş ilk qadın siyasətçidir. Bir neçə gün əvvəl başqa qadın deputata qarşı sui-qəsd törədilib, nəticədə onun qızı həlak olub, siyasətçinin özü isə yaralanıb.

Son zamanlar Əfqanıstanda tanınmış qadınlara hücumların sayı xeyli artıb.

AzNews.az