“Biz gələcək gəncliyimizlə fəxr edirik“ - Əli Əhmədov

14 Avqust 2013 08:45 (UTC+04:00)
Gənclik separatizmə, terrorizmə, iğalçılığa qarşı mübarizədə öndə getməlidir. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, İCAPP-ın Daimi Komitəsinin üzvü Əli Əhmədov Bakıda çərşənbə günü Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclər Qolunun 2-ci toplantısında çıxışı zamanı bildirib.

Ə.Əhmədov bildirib ki, hər bir xalqın, ümumilikdə dünyanın gələcəyi gənclərdir. İCAPP-ın qarşısında duran əsas vəzifələrdən biri də quruma üzv olan ölkələrin gənclərinin gələcəyə hazırlanmasını təmin etməkdir: "Biz gələcək gəncliyimizlə fəxr edirik və gəncliyimizə gələcəyimizə zəmanət verən bir kapital kimi baxırıq".

YAP rəsmisi deyib ki, Asiya dünyanın gələcəyinə böyük tövhələr verəcək, gənclər isə bunu düzgün dəyərləndirməlidir, gələcək inkişaf üçün güclü zəmin yaratmalıdır: "Dünya sürətlə inkişaf edir və bu unkişaf bir sıra yerlərdə yoxsulluq, münaqişələrlə müşaiyət olunur. Bir yerdə baş verən fəlakətlər digər yerlərə də öz təsirini göstərir. Bu səbəbdən bütün millətlərin birləşib dünyanın xöşbəxt gələcəyini qurması lazımdır".

Ə.Əhmədov deyib ki, onlar gənclərə bir tərəfdən gələcəyə aparan yol kimi baxır. Azərbaycanın gənc, sürətlə inkişaf edən ölkə olduğunu vurğulayan Ə.Əhmədov deyib ki, bu inkişafda gənclərin müstəsna rolu var. Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Əhmədov qeyd edib ki, bu günə qədər davam edən işğal xeyli sayda gənclərin həyatına mənfi təsirini hələ də göstərir.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə toplantıda bildirib ki, ölkədə gənclərlə bağlı son 10 ildə 2 Dövlət Proqramı qəbul olunub. A.Rəhimov ölkədə əhalinin 30 faizindən çoxunun gənclər təşkil etdiyini qeyd edib.

Gənclərin inkişafı üçün yaradılan şərait nəticəsində dövlət qurumlarında onların təmsilçiliyi artıb. A.Rəhimov gənclərin beynəlxalq əlaqələri inkişaf etdirdiyini vurğulayaraq Azərbaycanda son illər gənclər siyasəti ilə bağlı beynəlxalq tədbirlərin sayının dəfələrlə artığını bildirib.

Nazir, həmçinin xaricdə təhsillə bağlı qəbul olunan proqrama əsasən xarici ölkələrdə təhsil alan gənclərin sayının ilbə il artdığını vurğulayıb.

AzNews.az