31,1 faizi hamiləliyə və doğuma görə, 15,4 faizi dəfn üçün...

14 Avqust 2013 09:01 (UTC+04:00)


DSMF 7 ayın daxilolma və xərclərini açıqladı Bu ilin 7 ayında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) daxilolmaların 62,4 faizi qeyri-büdcə sektorunun payına düşüb.

Bu barədə AzNews.az-a DSMF-dan məlumat verilib. İlkin məlumatlara əsasən, 2013-cü ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1534,5 milyon manat təşkil edib ki, bu da bu ilin proqnoz göstəricisindən 34,8 milyon manat və ya 2,3 faiz çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 31 milyon manat və ya 3,6 faiz yuxarı olub. Bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 12,8 faiz çoxdur. Yəni, bu il məcburi dövlət sosial sığorta haqlarında 100,4 milyon manat artım olub və 885,4 milyon manat təşkil edib.

Fondun İctimaiyyətlə Əlaqələr sektorunun rəhbəri Elman Babayev AzNews.az-a aşıqlamasında bildirib ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 62,4 faizi və ya 552,3 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 96 milyon manat və ya 21 faiz, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 19,5 faiz və ya 90 milyon manat yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib.

Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 48,7 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 36,7 faiz artıb. 2013-cü ilin yanvar-iyul aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 333 milyon manat təşkil edib. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. 2013-cü ilin yanvar-iyul aylarında DSMF-nın xərcləri 1449,5 milyon manat olub.

Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1421,3 milyon manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,8 milyon manat və ya 1,8 faiz çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 1,8 faiz və ya 23,9 milyon manat artaraq 1386,8 milyon manat təşkil edib. 2013-cü ilin yanvar-iyul aylarında əhaliyə 34,4 milyon manat məbləğində müavinət ödənilib ki, bunun da 31,1 faizi hamiləliyə və doğuma görə, 29,8 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 15,4 faizi dəfn üçün, 23,7 faizi isə digər müavinətlərin payına düşür. Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 28,2 milyon manat təşkil edib.

Ruhiyyə
AzNews.az