"Biz bu imtahanı həm tarix, həm də xalqımız qarşısında uğurla verə bildik" - millət vəkili

17 May 2024 18:00 (UTC+04:00)

“Hazırda olduqca mürəkkəb bir tarixi mərhələdən keçməkdəyik. Bu mərhələ həm də beynəlxalq münasibətlər sistemində milli gücün və iradənin bir növ yenidən imtahan edilməsi mərhələsidir. Önümüzdəki yüzillik hazırda formalaşan yeni münasibətlər kontekstində xalqların dünya siyasətində gələcək yerini və rolunu müəyyən edəcək. Qürur vericidir ki, biz bu imtahanı həm tarix, həm də xalqımız qarşısında uğurla verə bildik və tarixi nailiyyətlərə imza atmağı bacardıq! Güclü və müstəqil dövlət, demokratik cəmiyyət qura bildik. Şübhəsiz ki, güclü dövlətin arxasında milli iradə ilə yanaşı həm də güclü və demokratik siyasi sistem dayanır. Bu mənada siyasi sistemimizin yeni siyasi təfəkkür, reallıqlar konteksində yenidən təşkilatlanması milli siyasi sistemimizi daha da güclü edir. Son illərdə biz daxili siyasi aktorlar, siyasi partiyalar və dövlət institutları arasında olduqca mühüm koordinasiya, əməkdaşlıq əlaqələri müşahidə edirik. Bu özlüyündə milli demokratiyamız və siyasi sistemimizin yeni keyfiyyət mərhələsi üçün olduqca önəmli hadisədir. Bu gün siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması, həmçinin inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən təşkil edilmiş görüşdə Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı da növbəti uğurlu addım hesab edilməlidir. Nəticə etibarilə belə görüşlər siyasi sistemin əsas sütunlarından hesab edilən siyasi partiyalar, dövlət institutları arasında əməkdaşlığı tamamilə yeni mərhələyə qaldırmış olur ki, bu milli dövlətimizin inkişaf perespektivləri baxımından strateji əhəmiyyət daşıyır.

Hikmət Babaoğlu

Millət Vəkili