Təhsil Nazirliyindən nişanlı qız açıqlaması

14 Avqust 2013 09:19 (UTC+04:00)
Təhsil Nazirliyi bir sıra mətbuat orqanlarında təhsil müəssisələri rəhbərlərinə qızlarını məktəbdən yayındıraraq nişanlayan və ya ərə verən ailələrin siyahısının hazırlanması haqqında tapşırıqlar verilməsi ilə bağlı informasiyalara münasibət bildirib.

Təhsil Nazirliyi bu məlumatların heç bir əsası olmadığını bildirib: "Təhsil müəssisələrində davamiyyət məsələsi hər zaman Təhsil Nazirliyinin diqqət mərkəzindədir. Ancaq bu, müvafiq qanunvericilik və milli-mənəvi dəyərlərimizə hörmət əsasında həyata keçirilir. Qeyd edək ki, Təhsil Nazirliyi KİV-lə əməkdaşlığın şəffaflıq və qarşılıqlı hörmət əsasında təşəkkül tapmasına çalışır. Təəssüflə bildiririk ki, bəzən KİV-də sensasiya naminə mənbəyi məlum olmayan məlumatlara da təsadüf edilir. Təhsil Nazirliyi belə arzuolunmaz hallara yol verən kütləvi informasiya vasitələrini məsuliyyətli olmağa və mövcud əlaqələri daha da inkişaf etdirməyə çağırır". Təhsil Nazirliyi bundan sonra da fəaliyyətinə dair bütün sualları cavablandırmağa və kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlığa hazır olduğunu bildirir.

Xatirə
AzNews.az