Eldar Həsənov Eynulla Fətullayevə "muzdlu mirzə" dedi

14 Avqust 2013 09:35 (UTC+04:00)
Dünən www.virtual.org saytında Eynulla Fətullayevin "İlham Əliyevə qəsdin üstü açıldı" adlı yazısı dərc olunub. http://virtualaz.org/last/6425) E.Fətullayev yazıda bir sıra tanınmış şəxslər barədə müxtəlif fikirlər irəli sürüb, onların Azərbaycanda dövlət çevrilişi cəhdindən bəhs edib. Yazıda adları keçən şəxlərin məsələrə münasibəti maraq doğurmaya bilməz. Ötən gün ilk olaraq bu məsələyə hazırda həbsdə olan Akif Muradverdiyeb cavab verdi və barəsində yazılanları təkzib edib.

Bu gün isə Eynulla Fətullayevin yazısına Azərbaycanın Serbiya Respublikasında, Monteneqro, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovdan cavab gəlib.

Modern.az saytına istinadən səfirin cavabını olduğu kimi dərc edirik:

- İltizamlı, muzdlu "mirzə" Eynulla Fətullayevin növbəti əsassız, məntiqsiz və sərsəm uydurmaları məni heç təəccübləndirməsə də, böhtanın səviyyəsi onun və ipini əlində saxlayan sifarişçinin "ayı xidməti" göstərmək üçün heç bir çərçivə tanımadıqlarını göstərir. E.Fətullayevin əvvəlki iftira və uydurmaları kimi son fərziyyələrinə də münasibət bildirmək niyyətində deyildim. Lakin axırıncı əsassız mülahizələrində iki amil - şərəf və ləyaqətimə toxunan fikirlər səsləndirməsi, Azərbaycan Prezidentinə və Azərbaycan dövlətçiliyinə qarşı guya ki, müxtəlif fəaliyyətlərdə "iştirakıma" dair detektiv üslubda yazdığı uydurmaları, sayıqlamaları - məni mövqe bildirməyə vadar etdi. Nə qədər səbirli olsam da, həyasızlığa və səviyyəsizliyə dözə bilmədim. Vətəndaşlıq hüquqlarımdan istifadə edərək, bu təhqirlərə, hədyanlara və bohtanlara son qoymaq istərdim. Bəzi hallarda özünü jurnalist kimi qələmə verənlərə qarşı hüquqi çərçivədə tədbirlərin görülməsi onları beynəlxalq ictimaiyyət qarşısında "qəhrəmana" çevirdiyindən və hər nə olsa da adını daşıdığı jurnalist peşəsinə olan hörmətimdən bunu etmirəm. Təəssüf ki, bir sıra hallarda bu cür cəzasızlıq nəinki həyasızlığa, hətta növbəti cinayətlərə gətirib çıxarır. Əgər son dövrlər E.Fətullayevin mənimlə bağlı səsləndirdiyi sərsəm fikirlərindən biri belə təsdiq olunsa, qanunun bütün sərtliyi çərçivəsində cavab verməyə hazıram. Haqqımda yazdığı böhtanların altında heç bir əlaqəsi olmayan - bir neçə il əvvəl Rumıniya bayrağının fonunda həmin ölkədəki tədbirlərdən birində çəkilmiş şəkli yerləşdirməsi də onun hansı "faktlara" əsaslanıb uydurduğunun göstəricisidir. Yazır ki, "E.Həsənovun günü demək olar ki, Rusiyada keçir", ""Milyarderlər İttifaqı" layihəsinə cəlb edilən və kölgədə saxlanan ehtiyat oyunçulardan biridir", Akif Muradverdiyev, Eldar Namazov, Söyün Sadıqovla görüşlər keçirməyim, hansısa biznes layihələrdə olmağım və sair gülünc şayiələr. Həvəskar detektivimizin nəzərinə çatdırmaq istərdim ki, son dəfə Rusiyada təxminən 3 il bundan qabaq beynəlxalq tədbirdə iştirak etmək məqsədilə olmuşam. Bu məlumatı bulanıq işlərdə püxtələşən sifarişçisi də Rusiyadakı dostları vasitəsilə sərhəd xidmətindən çox asan şəkildə yoxlaya bilər. O ki qaldı "çoxbilmiş tədqiqatçı"mızın mətbuatda "Milyarderlər ittifaqı" kimi adı sadalanan "layihəyə cəlb olunmağımı" "ifşa etməsinə", bu təşkilatda təmsil olunan insanlardan bir neçəsini şəxsən tanıdığım və onlardan bəzilərinə isə hörmətli münasibətimin olması sirr deyil. Tanıdığım bu şəxslərin Azərbaycan Prezidentinə və Azərbaycan dövlətçiliyinə qarşı hər hansı fəaliyyətdə iştiraklarına inanmaq və bunu qəbul etmək istəmirəm. Digər tərəfdən isə, məni tanıyanlar onu da yaxşı bilirlər ki, Azərbaycanın müstəqil dövlətçiliyinə, xalqımızın təhlükəsizliyinə və dövlətin konstitusion əsaslarına qarşı yönələn qəsdlərdə, cinayətlərdə iştirakı olanlara qarşı münasibətdə mənim üçün qohum-əqraba, dost-tanış amili heç vaxt olmayıb və olmayacaq. Hətta Baş prokuror işlədiyim illərdə belə verdiyim qərarlar, imzalanmış sənədlər bu cür hallara qarşı barışmaz və tərəddüdsüz mövqeyimin bariz göstəricisidir. Azərbaycan Prezidenti və müstəqil dövlətçiliyimizin, xalqımızın təhlükəsizliyi naminə öz imzamla, adımla, əməli fəaliyyətimlə açıq mübarizə aparan ağır illərdə bugünku çızmaqaraları və beynəlxalq təşkilatlara müraciətləri ilə hakimiyyətə qənim kəsilən E.Fətullayevin hansı yolun yolçusu olduğunu hamı bilir. Nədir bu qəfil transformasiya?! Sözdə vətən sevgisi, sözdə dövlət sevgisi?! Bütün bunlar, olmayan yerdən problem yaratmaq, onu süni olaraq şişirtmək və Azərbaycan Prezidentinə özünü bu olmayan problemi həll etməyə qadir olan "yeganə qəhrəman" kimi qələmə verməkdən, şəxsi və qrup maraqları naminə "bizim də xidmətlərimiz var", "biz olmasaq...." kimi fikirlərlə, nəyin bahasına olursa olsun kreslosunu qorumağa və özünü sırımağa cəhd göstərməkdən başqa bir şey deyildir. Əminəm ki, qanunsuz yollarla hakimiyyət uğrunda mübarizənin, dövlət çevrilişlərinə cəhdlərin ağır nəticəsi olaraq doğma torpaqlarının itirilməsini unutmayan və gələcəyə böyük inamla, ümidlə baxan qədirbilən xalqımızın rəğbətini və dəstəyini qazanan, ölkəmizin dünya birliyində layiqli yerini tutmasının, Azərbaycandakı sabitliyin, davamlı inkişafın və tərəqqinin əsas təminatçısı olan, təcrübəli və uzaqgörən siyasətçi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin küləyin istiqamətindən asılı olaraq dəyişən "mirzə"lərin çızmaqaralarına və onlardan geri qalmayan dar düşüncəli sifarişçilərin müdafiəsinə və "ayı xidməti"nə ehtiyacı yoxdur. Nankor, biçarə nökər kimi xalqını, dövlətini müxtəlif cinayətlərdə əsassız ittiham etmək yolundan müvəqqəti çəkilib, bu cür sərsəm hədyanlar uydurmaq da dövlətçiliyə və xalqa xidmət deyildir. Xalqa, dövlətə sədaqət və xidmətlə xəyanət anlayışlarının fərqini hələ də dərk etməyib, belə çirkin yolla özünü Azərbaycan dövlətçiliyinin müdafiəçisi kimi qələmə verməklə E.Fətullayev nəyə nail olmaq istəyir?! Suyun üzündə qalmaq üçün köpüyə belə əl atan zavallı insan kimi görünməkdən həzz alırsa, növbəti uydurmalarına münasibətim, cavablarım və cavabı olmayan suallarım ona yox, onun xəyalpərəst, kinli, fürsətcil və fəsadçı sifarişçisinə olacaq.

Eldar Həsənov,

13 avqust 2013-cü il