"Düşünürəm ki, indiki halda Gürcüstan hakimiyyətinin iki seçimi var" - Elçin Mirzəbəyli

21 May 2024 17:38 (UTC+04:00)

“Gürcüstan qanunvericiliyində “veto” anlayışı yoxdur. Prezident, yalnız “əsaslandırılmış iradlar”la çıxış edə bilər. Zurabaşbilinin “veto” sözündən istifadə etməsi, əslində onun öz ölkəsinin qanunvericiliyi haqqında nə dərəcədə “məlumatlı” olduğunu göstərir. İndiki halda Prezident öz “əsaslandırılmış iradlar”ında parlamentə müvafiq arqumentlər təqdim etməlidir: Onun üçün qanunun qəbuledilməz olan konkret müddəaları hansılardır və o, yeni redaksiyada nə təklif edir – bunlara aydınlıq gətirilməlidir. Prezidentin bəzi maddələrin tamamilə çıxarılmasını təklif etməsi də mümkündür”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, prezident qanunu ətraflı təhlil etməli və onun fikrincə, problem yaradan və dəyişdirilməsi, yaxud tamamilə aradan qaldırılması zəruri olan müddəaları qeyd etməlidir.

“Zurabaşvilinin qanunun hansı müddəaları ilə razı olmadığı və hansı dəyişikləri təklif etməsi, har halda mənə bəlli deyil. Gürcüstan prezidentinin qanunun tam ləğvini tələb etmək kimi bir hüququ yoxdur. Lakin, o, qanunun yenilənmiş variantını parlamentə təqdim edə bilər. Prezidentin parlamentə düzəlişlər, əlavə və dəyişikliklərlə qaytardığı qanuna baxılmasının konkret müddəti yoxdur. Parlament qanuna baxılmasını istədiyi qədər uzada bilər. Əgər qanun müzakirəyə çıxarılarsa parlament bütün “əsaslandırılmış irad”ları toplu halında səsə qoymalı, ya hər şeyi qəbul etməli, ya da heç nəyi qəbul etməməlidir. Bir iradı qəbul edib, digərini rədd etmək qanunvericiliyə görə mümkün deyil. Parlament prezidentlə razılaşmasa, o, “əsaslandırılmış qeydləri”, ya da Zurabaşvilinin dediyi kimi “veto”nu ləğv edə bilər. Bunun üçün isə 76 səs lazımdır və “Gürcü arzusu”nun isə parlamentdə 84 səsi var. Əgər “Gürcü arzusu” parlamentdə iradları rədd edərsə, bundan sonra qəbul edilmiş qanun yenidən prezidentə göndərilir. Onun artıq “əsaslandırılmış iradlar” yaxud “veto” mexanizmindən təkrar istifadə etmək hüququ qalmır. Gürcüstan qanunvericiliyinə görə, prezident qanunu imzalamaya bilər. Amma bu, hüquqi baxımdan heç nəyi dəyişmir. Əvəzində parlament sədri qanunu imzalayıb dərc etdirəcək”.

“Bu aspektdən düşünürəm ki, indiki halda Gürcüstan hakimiyyətinin iki seçimi var: birinci seçim Zurabaşvilinin iradları ilə bağlı qanunun yeni versiyada təklifini, təqdimatını müddətini kifayət qədər uzatmalı və bununla da müəyyən qədər etiraz aksiyalarının səngiməsinə imkan yaratmalıdır. İkinci halda isə yenə sərt bir pozisiyadan çıxış edərək, əslində Gürcüstanın milli maraqlarını ifadə edən bu qanunun qəbul olunması üçün mövqeyini sərgiləməlidir. Etirazların gürcü xalqı tərəfindən edildiyi anlayışının tamamilə tərəfdarı deyiləm. Söhbət burada Gürcüstanda olan qeyri-hökumət təşkilatlarından gedir. Təşkilatlar ki, onların büdcəsinin əhəmiyyətli hissəsi xaricdən göndərilən donorların vəsaitləri hesabına formalaşır. Gürcüstanda hazırda təxminən 25 qeyri-hökumət təşkilatı var. Bu təşkilatlarda təmsil olunan ordan faydalanan şəxsləri nəzərə alsaq, əslində kifayət qədər gözlə görünəcək aksiyalarda bir kütlə yaradır. Məsələnin şou və görüntü tərəfi zamanı aksiyanın görünüşün daha effektiv olması ilə bağlı bir mexanizmin işlədiyi göz qabağındadır. Hər halda hazırda Gürcüstan hökumətinin yanaşmasından belə anlaşılır ki, onlar nəyin baş verdiyinin fərqindədirlər və masa üzərində də prinsip etibarilə əslində Gürcüstanın müstəqilliyinin qoyulduğunu da başa düşürlər. Bu aspektdən düşünürəm ki, ən doğru seçim edəcək və prinsip etibarilə onların bu prosesdən geri çəkiləcəyini gözləmirəm”.

Rəfiqə NAMAZƏLİYEVA